Rumıniya futbol millisinin sabiq baş məşqçisi Mirça Luçesku süni komaya salınıb.
İdman.Biz “Digi Sport” nəşrinə istinadla xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının direktoru Mixay Stoykitsə məlumat verib. O, həkimlərin icazəsi ilə təcrübəli mütəxəssisə palatada bir neçə dəqiqəlik baş çəkib və xəstəxanadan sarsılmış vəziyyətdə çıxıb.
“Təəssüf ki, heç bir xoş xəbərim yoxdur. Onun yanında cəmi beş dəqiqə qaldım. Baş verənlərə reaksiya vermir. Ümid edək ki, hər şey yaxşı olacaq. Danışa bilmir, süni komadadır. Sadəcə ona baxdım və artıq deyəcək sözüm yoxdur. Yanlış bir şey söyləməmək üçün artıq danışmaq istəmirəm”, - deyə Stoykitsə bildirib.
Bundan əvvəl 80 yaşlı mütəxəssisin müalicəyə reaksiya vermədiyi və reanimasiya şöbəsinə köçürüldüyü məlum olmuşdu. Bir neçə gün əvvəl Rumıniya millisinin məşqi zamanı huşunu itirən Luçesku ürəktutması diaqnozu ilə Buxarest xəstəxanalarından birinə yerləşdirilmişdi.
Qeyd edək ki, Rumıniya yığması onun rəhbərliyi altında DÇ-2026-nın pley-off mərhələsində Türkiyəyə minimal hesabla (0:1) uduzaraq mundialdan kənarda qalıb.
