Superliqa: “Samsunspor” - “Konyaspor” matçı dörd qolla yekunlaşıb - VİDEO

5 Aprel 2026 17:51
223
Superliqa: “Samsunspor” - “Konyaspor” matçı dörd qolla yekunlaşıb - VİDEO

Türkiyə Superliqasının 28-ci turu çərçivəsində keçirilən “Samsunspor” və “Konyaspor” qarşılaşması dramatik süjet xətti ilə yadda qalıb. Mübarizə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, “Konyaspor” 23-cü dəqiqədə Enis Bardhinin penaltidən vurduğu qolla önə keçsə də, “Samsunspor” bu qola 42-ci dəqiqədə Karlo Holse ilə cavab verib. Meydan sahiblərinin heyətində ilk qolun müəllifi olan Holse 72-ci dəqiqədə yenidən sahəyə çıxaraq komandasını hesabda irəli çıxarıb. Lakin qonaqlar təslim olmayıb və 79-cu dəqiqədə Blaj Kramer tarazlığı bərpa edib.

Qarşılaşmanın 90-cı dəqiqəsində “Samsunspor” penalti qazanıb. “Konyaspor”un heyətində penaltiyə səbəb olan Adama Naqalo ikinci sarı vərəqədən sonra meydandan qovulub. 90+3-cü dəqiqədə topun başına keçən Olivye Ntçam isə qapıçı Bahadırı keçə bilməyərək komandasını mühüm qələbədən məhrum edib.

Bu nəticədən sonra “Samsunspor” xallarının sayını 36-ya (yeddinci yer), qonaq komanda “Konyaspor” isə 31-ə çatdırıb (11-ci yer). Növbəti turda “Samsunspor” “Çaykur Rizaspor”un qonağı olacaq, konyalılar isə evdə “Fatih Karagümrük”ü qəbul edəcəklər.

Paralel keçən digər oyunda “Fatih Karagümrük” və “Çaykur Rizaspor” komandaları qarşı-qarşıya gəliblər. Mübarizə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İstanbul təmsilçisinə vacib üç xalı gətirən qolları 39-cu dəqiqədə Serjinyo və 87-ci dəqiqədə Şavi Babika vurublar. “Çaykur Rizaspor”un yeganə qoluna isə 70-ci dəqiqədə Ali Soue imza atıb.

Bu nəticədən sonra turnir cədvəlinin son pilləsində yer alan “Fatih Karagümrük” xallarının sayını 20-yə (18-ci yer) çatdıraraq elitada qalmaq şanslarını davam etdirib. Ardıcıl ikinci məğlubiyyətini alan Rizə təmsilçisi isə 30 xalda qalıb (12-ci yer).

Növbəti turda “Fatih Karagümrük” “Konyaspor”un qonağı olacaq. “Çaykur Rizaspor” isə öz meydanında “Samsunspor”u qəbul edəcək.

İdman.Biz
Məqalədə: