Kriştianu Ronaldunun kolleksiya kartı rekord qiymətə satıldı

25 May 2026 16:38
129
Kriştianu Ronaldunun kolleksiya kartı rekord qiymətə satıldı

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldunun nadir kolleksiya kartı hərracda rekord məbləğə satılıb.

İdman.Biz ESPN-ə istinadən xəbər verir ki, futbolçunun “Yuventus”da çıxış etdiyi dövrə aid olan eksklüziv “2018 Panini Kaboom” kartı 1,35 milyon dollara alıcı tapıb. Bu göstərici Ronaldunun kartları üçün indiyədək ödənilən ən yüksək məbləğ kimi qeydə alınıb.

Sözügedən satış futbol kartları tarixində ikinci ən bahalı əməliyyat kimi qeydə alınıb. Bu sahədə rekord 1,5 milyon dollara satılan Lionel Messinin debüt kartına məxsusdur. Üçüncü yerdə isə 1,33 milyon dollarla əfsanəvi futbolçu Pelenin kartı qərarlaşıb.

Qeyd edək ki, Ronaldunun həmin kartı cəmi iki gün əvvəl – mayın 22-də 420 min dollara satılmış əvvəlki rekordunu da yeniləyib və bu dəfə dəyərini üç dəfədən çox artırıb. Dünyada yalnız bir nüsxədə olan yaşıl rəngli bu kart “Professional Sports Authenticator” (PSA) tərəfindən ən yüksək qiymətləndirmə olan PSA 10 (ideal vəziyyət) dərəcəsini alıb.

İdman.Biz