İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas komandasının Çempionlar Liqasına vəsiqə qazanmasını şərh edib.
İdman.Biz xəbər verir ki, A Seriyasının son turunda “Kremoneze” üzərində qələbə “Komo”ya mövsümü 4-cü pillədə başa vurmağa imkan verib.
Fabreqas futbolçularına əvvəlcədən qarşıya konkret hədəf qoyduğunu bildirib:
“Parma” ilə oyundan əvvəl uşaqlara dedim ki, Çempionlar Liqasına çıxmaq üçün bizə iki qələbə kifayət edəcək. Komandaya velosipedçi haqqında video göstərdim. O, yarışa altıncı yerdən başlamışdı, amma hamını keçərək qalib gəldi. Məqsədimiz ondan nümunə götürmək idi və bunu bacardıq”.
İspaniyalı mütəxəssis əldə olunan nəticəni çox böyük uğur adlandırıb:
“Bu, çox gənc komandanın qazandığı böyük nailiyyətdir. Bizim 23 yaşdan aşağı çoxlu futbolçumuz var. Klub prezidenti mənə tam səlahiyyət verdi. Çoxlu qərarlar qəbul etməli, tez-tez seçim etməli olurdum”.
Fabreqas klubun son illərdə keçdiyi yoldan da danışıb:
“4 il əvvəl mən bura futbolçu kimi gələndə paltardəyişmə otağımız bar idi. İndi isə Çempionlar Liqasındayıq. İki fizioterapevtlə söhbət edirdim, xatırlayırdıq ki, necə məşq edirdik - heç idman bazamız yox idi, harada çalışdığımızı belə xatırlamıram. Massajı barda, meydançada edirdilər. Hamı saat 12 və ya 12:30-da gedirdi, heç kim qalmırdı. İndi isə A Seriyasında dördüncü olmuşuq. Əldə etdiklərimizə görə çox xoşbəxtəm”.
Qeyd edək ki, “Komo” 2003-cü ildə A Seriyasını tərk etmişdi. Klub 21 ildən çox fasilədən sonra yenidən elitaya qayıdıb və ilk mövsümündə 10-cu yeri tutmuşdu.
