Azərbaycanlı deputat futbol matçında ağır zədələndi - VİDEO

4 Aprel 2026 15:39
169
Azərbaycanlı deputat futbol matçında ağır zədələndi - VİDEO

Türkiyənin Antalya şəhərində təşkil olunan Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final oyunu baş tutub.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycan və Türkiyə komandaları üz-üzə gəlib.

Görüş Türkiyə millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində qolları 14-cü dəqiqədə Fatih Şahin, 26-cı dəqiqədə Oktay Çanak və 60+2-ci dəqiqəsində Türkiyənin gənclər və idman naziri Osman Bak vurub.

Azərbaycan yığmasının yeganə qoluna isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə imza atıb.

Bu nəticə ilə Azərbaycan turniri ikinci pillədə başa vurub, Qırğızıstan isə üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamız daha əvvəl Qırğızıstana 1:2 hesabı ilə uduzmuş, Şimali Kipr üzərində isə 3:0 hesablı qələbə qazanmışdı.

Görüşdə diqqət çəkən məqamlardan biri də azərbaycanlı deputatın zədələnməsi olub. Belə ki, qarşılaşmanın 20-ci dəqiqəsində Azərbaycan komandasının üzvü Kamran Bayramov ciddi xəsarət alaraq, tibbi yardım göstərildikdən sonra meydanı tərk etməyə məcbur qalıb.

İdman.Biz