Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində 18 illik rekord təkrarlanıb.
İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yarımfinalın ilk oyunları meydana çıxan dörd komandadan üçünün iki qol vurması ilə yadda qalıb.
“Qarabağ” - “Sabah” qarşılaşmasında (2:2) hər iki komanda, “Turan Tovuz” - “Ziirə” matçında (0:2) qonaqlar iki dəfə fərqlənib.
Ölkə kuboku tarixində üçüncü dəfə yarımfinalın ilk oyunlarında ən azı üç komanda iki və ya daha çox qol vurub. Belə məhsuldarlığa sonuncu dəfə 18 il əvvəl təsadüf olunub. 2007/2008 mövsümündə “Qəbələ” - “Xəzər-Lənkəran” (1:3) və “Neftçi” - “İnter” (2:2) cütlərində yalnız bir komanda ikidən az qol vurub.
1994/1995 mövsümündə də oxşar hadisə yaşanıb. “Neftçi” - “Xəzri” (2:1) və “Kəpəz” - “Kur-Nur” (3:3) matçlarında üç komanda məhsuldarlıq göstərib.
Ümumilikdə isə iki görüşdə altı qol vurulub və orta məhsuldarlıq 3,00-ə bərabər olub. 1/2 finalın ilk oyunlarında Azərbaycan kuboku tarixində doqquzuncu dəfə bu rəqəm üç və ya daha yüksək olub.
Mütləq rekord 1994/1995 mövsümünə məxsusdur. “Neftçi” - “Xəzri” (2:1) və “Kəpəz” - “Kur-Nur” (3:3) matçlarında doqquz qol vurulub və orta göstərici 4,50 olub. 2007/2008 və 2008/2009 mövsümlərində səkkiz, 2023/2024 mövsümündə yeddi qol qeydə alınıb. 1997/1998, 2015/2016, 2016/2017 və 2022/2023 mövsümlərində isə indiki kimi ilk oyunlar altı qolla yekunlaşıb.
