“Neftçi” növbəti mövsümün heyət planlamasına start verib.
İdman.Biz sport24.az-a istinadən xəbər verir k, “ağ-qaralar”ın müqaviləsini uzatmaq istədiyi legioner futbolçulardan biri artıq dəqiqləşib.
Söhbət nigeriyalı yarımmüdafiəçi İfeanyi Metyudan gedir.
Baş məşqçi Yuri Vernidub komandada qalacağı təqdirdə 29 yaşlı futbolçu ilə yola davam edilməsini istəyib. Ukraynalı mütəxəssis Metyuya sabit şəkildə start heyətində şans verir və onun oyun intizamından razıdır.
20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olmuş Metyu 2025-ci ilin sentyabrında “Neftçi”yə transfer olunub. Həmin vaxt tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.
Görünən odur ki, sözləşmədəki uzatma bəndi aktivləşdiriləcək və Metyu 2026/2027 mövsümündə də paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Vernidubun təyinatından sonra keçirilən bütün matçlarda bu yarımmüdafiəçi start heyətində yer alıb.
