Röyal Nəcəfov: “Oyun ərzində “Səbail”dən çox üstün oynadıq”

3 Aprel 2026 17:58
168
Röyal Nəcəfov: “Oyun ərzində “Səbail”dən çox üstün oynadıq”

Birinci Liqanın 20-ci turu çərçivəsində dünən “Səbail”in qonağı olan “Baku Sportinq” 0:1 hesabı ilə uduzdu. Bu nəticədən sonra “dənizçilər” xallarının sayını 37-yə çatdıraraq ikinci pilləyə şərik oldular. “Baku Sportinq”in məşqçisi Röyal Nəcəfovl yenilgini barədə danışıb.

“Oyunun ağır keçəcəyi öncədən bəlli idi. İstər birinci, istərsə də ikinci hissədə “Səbail”dən çox üstün oynadıq. Oyundan öncə də dediyim kimi, meydana qələbə üçün çıxmışdıq. Qələbə əldə etməyə layiq futbol sərgilədik və çox sayda qol epizodu yaratdıq. Üç-dörd real qol vəziyyətindən faydalana bilmədik. Təyin olunan penaltini də lazımınca dəyərləndirmədiyimizi vurğulamalıyıq. Nəticə isə “vurmayana vurarlar” deyiminə uyğun oldu. Yalnız nəticədən narazıyam. Paltardəyişmə otağında ortaya qoyduqları futbola, göstərdikləri xarakterə görə uşaqların hər birinə təşəkkürümü bildirdim. Yalnız qol çatmadı. Bəzən belə də olur. İdman xoşbəxtliyi bizim tərəfimizdə deyildi. Komandamın göstərdiyi oyundan tam razıyam.

Qaçırdığımız penalti və ya ona qədər olan fürsətlərdən hansısa qola çevrilsəydi, meydandan böyükhesablı qələbə ilə ayrılacaqdıq. Vurduqları qolu nəzərə almasaq, rəqibin 90 dəqiqə ərzində qapımıza bir zərbəsi də olmadı. Qarışıqlıq zamanı top onların futbolçusunun önünə düşdü. Futbolda hər an vacibdir. Ani diqqətsizlik də məğlubiyyətlə nəticələnə bilir.

Yeri gəlmişkən, hakimlərin işindən razı qaldım. Oyunu yüksək səviyyədə idarə etdiklərini vurğulamalıyam. Matçın ağırlığının altından çıxa bildilər. Əsas odur ki, nəticəyə təsir edən səhvlər olmasın. Məncə, dünən belə bir səhv olmadı. Futboldur, bəzən biz də kənardan etiraz edirik. Amma reallıq budur ki, gərgin qarşılaşmada işlərinin öhdəsindən lazımınca gəldilər”, - deyə o,fanat.az-a açıqlamasında bildirib.

İdman.Biz