Dünya Kubokunda casus şoku: İtalyan əsgər məşqi gizli çəkdi - FOTO

31 Mart 2026 12:34
86
Dünya Kubokunda casus şoku: İtalyan əsgər məşqi gizli çəkdi - FOTO

2026 Dünya Çempionatının pley-off mərhələsinin finalında qarşı-qarşıya gələcək Bosniya və Herseqovina ilə İtaliya milliləri arasında oyunöncəsi gərginlik pik həddə çatıb.

İdman.Biz “SportMediaset”ə istinadla xəbər verir ki, Bosniya tərəfi italyan bir hərbçinin onların qapalı məşqini gizlicə videoya çəkdiyini iddia edərək böyük bir qalmaqalın fitilini alovlandırıb.

Hadisə Bosniya millisinin Butmirdəki təlim-məşq bazasında baş verib. Avropa İttifaqının sülhməramlı qüvvələrinin (EUFOR) hərbi formasını geyinmiş İtaliya vətəndaşı olan bir əsgər, Edin Ceko və komanda yoldaşlarının taktiki hazırlıq keçdiyi vaxt hasarın arxasından smartfonla çəkiliş apararkən yaxalanıb.

Məlumata görə, həmin şəxs jurnalistlər üçün ayrılmış ilk 15 dəqiqəlik müddət bitdikdən sonra da ərazini tərk etməyib və çəkilişə davam edib. Bosniya və Herseqovina Futbol Federasiyası hadisə ilə bağlı EUFOR-a rəsmi şikayət ünvanlayıb. Federasiya rəsmiləri bunun Gennaro Qattuzonun rəhbərlik etdiyi İtaliya millisinə məlumat ötürmək üçün həyata keçirilən planlı bir “casusluq” fəaliyyəti ola biləcəyindən şübhələnirlər.

Lakin müdafiə mənbələri ittihamları rədd edərək, hərbçinin sadəcə yaxınlıqdakı bazada xidmət etdiyini və futbol azarkeşi olduğu üçün şəxsi məqsədlə çəkiliş apardığını bildiriblər. Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

İdman.Biz