Mark Kukurelya “Çelsi” rəhbərliyini tənqid etdi

31 Mart 2026 14:06
97
Mark Kukurelya “Çelsi” rəhbərliyini tənqid etdi

“Çelsi”nin və İspaniya futbol millisinin sol cinah müdafiəçisi Mark Kukurelya klubundakı vəziyyət və gələcək planları barədə səmimi açıqlamalar verib. 27 yaşlı futbolçu London klubunun son vaxtlar yaşadığı uğursuzluqları heyətin gəncliyinə və rəhbərliyin qərarlarına bağlayıb.

İdman.Biz “The Athletic” nəşrinə istinadla xəbər verir ki, Kukurelya xüsusilə Çempionlar Liqasının 1/8 finalında PSJ-yə qarşı keçirilən oyunlardakı məğlubiyyəti (ümumi hesab 8:2) həzm etməyin çətin olduğunu bildirib.

Kukurelya PSJ-yə uduzmaları barədə bunları deyib:

“Bizə təcrübə çatmadı. Bir çox oyunçu üçün bu, həmin səviyyədə ilk oyun idi və biz bunun əvəzini ödədik. Səhv edə bilərsən, amma biz vəziyyəti daha yaxşı idarə etməli idik. Rəhbərliyin siyasətini başa düşürəm - gənc oyunçular alıb gələcəyə baxırlar. Lakin böyük titullar üçün balans lazımdır. Təkcə gənclərlə Premyer Liqa və ya Çempionlar Liqasında mübarizə aparmaq çox çətindir”.

Mövsümün gedişində baş məşqçi dəyişikliyinə də toxunan ispan müdafiəçi, yanvar ayında istefaya göndərilən Enso Mareskanın gedişini səhv addım hesab edir:

“Enso işlədiyim altı daimi məşqçi arasında ən vacibi idi. Biz onun nə istədiyini dəqiq bilirdik. Mareska gedəndə bu, bizə böyük təsir etdi. Əgər məndən soruşsaydılar, bu qərarı verməzdim. Mövsümün sonuna qədər gözləmək daha yaxşı olardı. Klubdakı qeyri-sabitlik məhz bu cür qərarlardan qaynaqlanır”.

O, hazırkı baş məşqçi Liam Rosoniorun yaxşı mütəxəssis olduğunu, lakin oyunların sıxlığı səbəbindən taktiki ideyalarını tətbiq etməyə vaxt tapmadığını da əlavə edib.

Milli komandadakı çıxışından məmnun olan Kukurelya, İspaniyanın bu yay keçiriləcək Dünya Kubokunda əsas favorit olduğunu düşünür:

“Bəli, biz buna inanırıq. Avropa çempionu olanda insanlar bizə şübhə ilə yanaşırdılar, amma indi hər kəs bizə inanır”.

O, həmçinin İngiltərə millisini Tomas Tuxelin rəhbərliyi altında ən təhlükəli rəqiblərdən biri hesab etdiyini və Koul Palmer, Maykl Olise kimi oyunçulara qarşı müdafiə olunmağın çox çətin olduğunu vurğulayıb.

İdman.Biz