“Sabah” üçün Çempionlar Liqasında yeni təhlükə

20 May 2026 10:11
137
“Sabah” üçün Çempionlar Liqasında yeni təhlükə

“Sabah” futbol komandası UEFA Çempionlar Liqasındakı debütü ərəfəsində yeni potensial rəqiblərini tanıyıb.

İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan Bakı təmsilçisi qitənin ən nüfuzlu klub turnirində mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq. “Sabah” 6,000 əmsalla püşkatmada səpələnməmişlər sırasında yer alacaq.

Azərbaycan çempionunun mümkün rəqibləri sırasına daha iki komanda qoşulub. Rumıniyanın “Universitatya Krayova” və Moldovanın “Petrokub” futbol komandaları səpələnmişlər siyahısında qərarlaşıb. Bununla “Sabah”ın ümumi səpələnmə siyahısına görə bəlli potensial rəqiblərinin sayı 13-ə yüksəlib.

Birinci raundda yalnız bir səpələnmiş iştirakçının kimliyi tam dəqiqləşməyib. Bu yer Uelsin TNS komandası ilə Ermənistan çempionu arasındakı əmsal vəziyyətindən asılı olacaq. TNS 9,000 əmsalla, Ermənistan çempionu isə 7,000-10,750 aralığında göstərilir.

Hazırkı vəziyyətə əsasən, səpələnmişlər sırasında “Şemrok Rovers” (İrlandiya), “KuPS Kuopio” (Finlandiya), “Drita” (Kosovo), “Linkoln Red İmps” (Cəbəllüttariq), “Boraç” (Bosniya və Herseqovina), “Vikinqur Reykyavik” (İslandiya), “Kayrat Almatı” (Qazaxıstan), “Universitatya Krayova” (Rumıniya), “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora Tallin” (Estoniya), “Larne” (Şimali İrlandiya) və “Petrokub” (Moldova) yer alır.

Səpələnməmişlər arasında isə “İnter Eskaldes” (Andorra), “Levski” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Kauno Jalqaris” (Litva), “ETO Dyor” (Macarıstan), “İberia 1999” (Gürcüstan), “Floriana” (Malta), “Tre Fiori” (San Marino), “Vardar” (Şimali Makedoniya), “ML Vitebsk” (Belarus), həmçinin Albaniya, Lüksemburq və Monteneqro çempionları göstərilir.

Qeyd edək ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin püşkü 16 iyunda atılacaq. Bu raundun ilk oyunları 7-8 iyulda, cavab qarşılaşmaları isə 14-15 iyulda keçiriləcək.

İdman.Biz