Aysu Əsədovaya ağır cəza: UEFA-dan üç oyunluq qərar - FOTO

20 May 2026 10:35
167
Aysu Əsədovaya ağır cəza: UEFA-dan üç oyunluq qərar

Azərbaycanın 19 yaşadək qadınlardan ibarət futbol milli komandasının yarımmüdafiəçisi və “Sabah”ın müdafiəçisi Aysu Əsədova UEFA tərəfindən cəzalandırılıb.

İdman.Biz xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi 17 aprel 2026-cı ildə keçirilən Azərbaycan - Gürcüstan matçı ilə bağlı qərar qəbul edib. Qərarda Aysu Əsədovanın rəqib futbolçuya hücum etdiyi göstərilib.

UEFA-nın İntizam Reqlamentinin 15(1)(e) DR maddəsinə əsasən, futbolçu milli komandalar arasında keçirilən UEFA yarışlarında üç oyunluq diskvalifikasiyaya məruz qalıb.

Xatırladaq ki, sözügedən görüş 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub. Azərbaycan millisi Gürcüstana 1:4 hesabı ilə uduzub. UEFA-nın matç səhifəsində Əsədovanın qırmızı vərəqə aldığı da göstərilir.

Aysu Əsədova milli səviyyəsində altı oyun keçirib və ümumilikdə 501 dəqiqə meydanda olub. Aktivində iki sarı və bir qırmızı vərəqə var. 2024/2025 mövsümündə U-17 Qızlar Liqasında AFFA tərəfindən “mövsümün ən yaxşı oyunçusu” seçilib.

İdman.Biz