Koreya Xalq Demokratik Respublikasının “Naeqohyan” qadın futbol komandası Asiya Çempionlar Liqasının yarımfinal oyunu üçün Cənubi Koreyaya səfər edib.
İdman.Biz xəbər verir ki, Pxenyan təmsilçisinin futbolçuları və məşqçilər heyəti 17 mayda Pekindən uçuşla “İnçon” beynəlxalq hava limanına enib. “Yonhap” agentliyinin məlumatına görə, nümayəndə heyətində 27 futbolçu və 12 klub əməkdaşı yer alıb.
“Naeqohyan” 20 mayda Suvon şəhərində Cənubi Koreyanın “Suvon” qadın futbol komandası ilə üz-üzə gələcək. Qarşılaşma “AFC Women’s Champions League” (Asiya Çempionlar Liqasının) turnirinin yarımfinal mərhələsi çərçivəsində keçiriləcək.
Bu səfər KXDR idmançılarının 2018-ci ilin dekabrından sonra Cənubi Koreyaya ilk gəlişi kimi diqqət çəkir. Həmin vaxt Şimali Koreya idmançıları “İnçon”da stolüstü tennis üzrə beynəlxalq turnirdə iştirak etmişdilər.
