FIFA prezidenti Canni İnfantino 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında İran millisinin iştirakı ilə bağlı təşkilatın alternativ variantlarının olmadığını bəyan edib.
Xatırladaq ki, bundan əvvəl İranın idman naziri Əhməd Donyamali mövcud geosiyasi vəziyyətə görə milli komandanın turnirdə iştirakının mümkün olmayacağını bildirmişdi.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, İnfantino İran komandası ilə bağlı vəziyyətin mürəkkəb olduğunu etiraf edib, lakin onların dünya çempionatında oyunlarını keçirməsi üçün ən yaxşı şəraitin təmin olunması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
FIFA rəhbəri həmçinin qeyd edib ki, təşkilat İran yığmasının turnirə əvvəlcədən və yalnız idman nəticələrinə əsasən vəsiqə qazandığını hörmətlə qarşılayır.
“Bizim B, C və ya D planımız yoxdur — yalnız A planı mövcuddur. Biz çətin geosiyasi şəraitdə yaşayırıq və bunu həll etmək bizim səlahiyyətimizdə deyil, lakin insanları bir araya gətirmək və sülh, bayram ab-havası yaratmaq imkanımız var”, - deyə İnfantino əlavə edib.
