ABŞ və Kanadanın futbol üzrə ən yüksək liqası - MLS-də təmsil olunan “Hyuston Dinamo” klubunun qapıçısı Roman Kərimov Azərbaycan milli komandasına dəvət alacağı təqdirdə böyük məmnuniyyətlə bu təklifi qəbul edəcəyini bildirib.
İdman.Biz xəbər verir ki, Roman Kərimov bu barədə “ftbl Azerbaijan”ın “Instagram” hesabına açıqlama verib.
Qapıçının sözlərinə görə, onun babası azərbaycanlıdır, Azərbaycanda çoxlu qohumları var və əgər ona təklif gələrsə, o, məmnuniyyətlə milli komandamızda çıxış edəcək.
Gənc qapıçı 15 fevral 2008-ci ildə Moskvada anadan olub və Rusiyada yaşadığı dövrdə Moskvanın “Rodina” klubunun akademiyasında çıxış edib. O, burada 60 oyun keçirib və 16 “quru” seriya ilə yadda qalıb. 2023-cü ildə ABŞ-yə köçərək “Hyuston Dinamo”nun klubunun sıralarına qoşulub.
2025-ci ildə Kərimov “Hyuston Dinamo”nun ikinci komandasının heyətində MLS NEXT Pro” liqasında debüt edib, iki oyunda 180 dəqiqə meydanda olub. O, həmçinin klubun akademiya komandasında da mütəmadi olaraq çıxış edir və Texas ştatında öz yaş qrupunun ən perspektivli qapıçılarından biri hesab olunur.
Xatırladaq ki, hazırda MLS-də Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə da çıxış edir. O, bu yaxınlarda “Kolambus Kryu” klubuna transfer olunub.
