ABŞ futbolunda ağlasığmaz hadisə - VİDEO

29 Mart 2026 20:51
104
ABŞ futbolunda ağlasığmaz hadisə - VİDEO

ABŞ-nin ikinci futbol liqasında (USL Championship) “Oklend Roots” və “Orinc Kaunti” komandaları arasında keçirilən matçın son saniyələrində dünya futbolunda nadir rast gəlinən hadisə yaşanıb.

İdman.Biz xəbər verir ki, hesabı bərabərləşdirmək istəyən qapıçının rəqib hücumunu pozmaq üçün atdığı addım idman mediasının gündəminə düşüb.

Oyunun son dəqiqələrində komandası 0:1 hesabı ilə geridə olan “Oklend Roots”un qapıçısı Rafael Şpigel bərabərlik qolu üçün rəqib cərimə meydançasına yollanıb. Lakin künc zərbəsindən sonra top rəqibə keçib və “Orinc Kaunti” futbolçuları boş qalmış qapıya doğru sürətli əks-hücuma başlayıblar.

Öz qapısına qaçıb yetişə bilməyəcəyini anlayan Şpigel qeyri-adi bir üsula əl atıb. O, rəqib qapısının arxasındakı ehtiyat topu götürərək qəsdən meydanın mərkəzinə tullayıb. Qapıçının məqsədi meydanda iki topun olduğunu əsas gətirərək hakim tərəfindən oyunun dayandırılmasına nail olmaq olub. Lakin bu hiylə heç bir işə yaramayıb.

Rəqib futbolçular meydana atılan ikinci topa məhəl qoymadan hücumu davam etdirərək uzaq məsafədən boş qapıya zərbə endiriblər. Qapıçını deyil, komandasını mütləq qoldan yarı sahəni sprintlə qaçıb gələn yarımmüdafiəçi Tommi Makkeyb xilas edib. O, topu düz qapı xəttinin üzərindən çıxarmağı bacarıb.

Hakim qapıçı Rafael Şpigelin bu hərəkətini cavabsız qoymayıb və ona birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub. Qaydaları kobud şəkildə pozan qolkiper ən azı bir oyunluq diskvalifikasiya olunub. USL rəhbərliyinin bu cəzanı daha da ağırlaşdıracağı gözlənilir.

İdman.Biz