Meksika - Portuqaliya matçında faciə

29 Mart 2026 20:03
140
Meksika - Portuqaliya matçında faciə

Meksika və Portuqaliya milli komandaları arasında keçirilən yoldaşlıq görüşü (0:0) ağır itki ilə yadda qalıb. Yenidənqurmadan sonra qapılarını azarkeşlərin üzünə açan məşhur “Azteka” stadionundakı qarşılaşma bədbəxt hadisə ilə nəticələnib.

İdman.Biz xəbər verir ki, oyunun başlamasından bir neçə dəqiqə sonra spirtli içkinin təsiri altında olan bir azarkeş stadionun ikinci mərtəbəsindən birinci mərtəbəsinə tullanmağa cəhd edib. Meksika rəsmilərinin verdiyi məlumata görə, həmin şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. 87 min tamaşaçı tutumu olan stadionun açılış mərasimi bu acı xəbərlə sarsılıb.

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu zədə səbəbindən bu görüşdə iştirak edə bilməyib. Lakin Meksika azarkeşləri beşqat “Qızıl top” sahibini unutmayıblar. Matçın yeddinci dəqiqəsində bütün stadion bir ağızdan Ronaldunun adını qışqıraraq, onun futbol dünyasındakı nailiyyətlərinə ehtiramlarını nümayiş etdiriblər.

İdman.Biz