Polşa çempionatında çıxış edən klublar ofsaydın müəyyən edilməsi üçün ən müasir texnologiya olan SAOT sisteminin tətbiqinə dair qərar qəbul ediblər.
İdman.Biz “Meczyki” nəşrinə istinadla xəbər verir ki, texnologiyanın tədarükçüsü Çempionlar Liqası, La Liqa, Seriya A və dünya çempionatlarında istifadə olunan “Hawk-Eye” şirkəti olacaq.
Məlumata görə, şirkətlə dörd illik müqavilənin bağlanması planlaşdırılır. Yeni sistem gələn mövsümdən etibarən Polşa liqasında fəaliyyətə başlayacaq. Texnologiya VAR sistemi və televiziya yayımları ilə inteqrasiya olunacaq.
Sistemin quraşdırılması çərçivəsində stadionlarda 12 əlavə kamera yerləşdiriləcək. Bu isə hakimlərə daha çox rakurs və dəqiq məlumat əldə etmək imkanı verəcək. Klublar hesab edirlər ki, SAOT texnologiyasının tətbiqi oyun zamanı qərarların qəbulunu sürətləndirəcək və xətaları minimuma endirəcək.
Qeyd edək ki, hazırda Polşa liqası Avropa çempionatlarının reytinqində 12-ci pillədə qərarlaşıb.
