Braziliya futbol millisinin sabiq hücumçusu Ronaldo Neymarın 2026-cı ildə keçiriləcək dünya çempionatında yığmaya çağırılmasını dəstəkləyib.
İdman.Biz xəbər verir ki, əfsanəvi futbolçu həmyerlisinin komandaya kömək edəcəyini vurğulayıb.
“Əgər o, yaxşı formada olsa, onu dünya çempionatı üçün heyətə daxil edərdim. Neymar bəlkə də bütün matçlarda tam oynamayacaq, ancaq texniki baxımdan çox vacib oyunçudur və hər klubda öz dəyərini sübut edib. Əminəm ki, Karlo Ançelotti hazır olacağı təqdirdə onu DÇ-2026-ya aparacaq”, - deyə Ronaldo bildirib.
Qeyd edək ki, yığmanın baş məşqçisi Karlo Ançelotti Fransa və Xorvatiya ilə yoldaşlıq oyunları üçün hücumçunu iştirak ərizəsinə daxil etməyib. Neymar sonuncu dəfə 2,5 il əvvəl milli komandanın formasını geyinib.
