Misli Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

22 Mart 2026 16:33
73
Misli Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Misli Premyer Liqasının 25-ci turunda mövsümün ən böyükhesablı qələbə rekordu yenidən qeydə alınıb. “Neftçi” doğma meydanda “İmişli”nin qapısından altı cavabsız top keçirərək cari çempionatda üçüncü dəfə altı qolluq fərqi təkrarlayıb.

İdman.Biz xəbər verir ki, buna qədər 23-cü turda “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0, “Sabah” isə “Qəbələ”ni 7:1 hesabı ilə məğlub etmişdi. Ümumilikdə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini altı və ya daha çox top fərqi ilə üstələyib.

Bu göstəricidə mütləq rekordçu olan “Neftçi” karyerasında 23-cü belə qələbəsini bayram edib. Digər klubların göstəriciləri isə belədir:

“Kəpəz”: 17 qələbə
“Qarabağ”: 14 qələbə
“Şəmkir”: 9 qələbə

Paytaxt təmsilçisi sonuncu dəfə bu cür böyükhesablı üstünlüyü 13 il dörd ay əvvəl - 2012-ci il noyabrın 17-də “Sumqayıt”la görüşdə (8:1) qazanmışdı.

Maraqlıdır ki, bir mövsümdə üç dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. Oxşar nəticələr 2015/16, 2017/18 və 2022/23 mövsümlərində də yaşanmışdı. Azərbaycan futbolu tarixində bir mövsümdə dörd matçın belə hesabla bitməsi isə sonuncu dəfə 2004/05 mövsümündə müşahidə olunub.

İdman.Biz