İspaniyanın “Barselona” futbol klubu davam edən yenidənqurma işləri səbəbindən “Kemp Nou” stadionunu müvəqqəti olaraq yenidən tərk edə bilər.
İdman.Biz “Diari ARA” nəşrinə istinadla xəbər verir ki, 2027-ci ilin yayına planlaşdırılan yeni dam örtüyünün quraşdırılması gözləniləndən daha çox vaxt aparacaq. İlkin olaraq dörd ay yarım nəzərdə tutulan işlərin yeddi aya qədər uzana biləcəyi bildirilir. Bu müddət ərzində arenada oyunların keçirilməsi qeyri-mümkün olacaq.
Daha əvvəl klubun əməliyyat direktoru Joan Sentelyes qeyd etmişdi ki, komanda 2026/27 mövsümünün son üç turunu və növbəti çempionatın ilk üç oyununu səfərdə keçirə bilər. Bu, stadionun işlər üçün boşaldılması məqsədilə nəzərdə tutulub.
Müvəqqəti variantlar kimi “Estadi Yohan Kroyff” və “Monjuik Olimpiya Stadionu” nəzərdən keçirilir. Lakin birinci variant tutum baxımından La Liqa tələblərinə cavab vermir, ikincisi isə əlavə maliyyə xərcləri ilə bağlıdır.
Klub prezidenti Joan Laporta həmçinin “Estadi Yohan Kroyff” stadionunun tutumunun 6 mindən 16 minə qədər artırılması imkanlarını araşdırır. Bunun üçün şəhər rəhbərliyindən icazə alınmalıdır.
Xatırladaq ki, “Kamp Nou” yenidənqurmadan sonra qismən açılıb - “Sevilya” ilə oyunda tribunalarda təxminən 60 min tamaşaçı iştirak edib.
