Samir Abasov: “İşləmək fikrim yoxdur”

15 Mart 2026 13:58
66
Samir Abasov: “İşləmək fikrim yoxdur”

Mövsümün əvvəlində avrokuboklara vəsiqə qazanmağa əsas namizədlərdən sayılsa da, son vaxtlar mübarizədən çəkilən “Sumqayıt”da baş verənlər təəccüb doğurur. “Gənclik şəhəri” təmsilçisinin serbiyalı baş məşqçisi Saşa İliçin “Karvan-Yevlax”la (1:1) və “Şamaxı” (0:1) ilə oyunlardan sonra keçirilən mətbuat konfranslarında strategiyanı dəyişdiklərini, əsasən akademiya yetirmələrinə şans verəcəklərini bildirməsi birmənalı qarşılanmadı.

İdman.Biz xəbər verir ki, İliçin qış fasiləsində istədiyi transferlərin baş tutmamasını səbəb göstərərək rəhbərliyə mesaj göndərməsi “körpülərin yandığı” və mövsümün sonunda ayrılığın qaçılmaz olduğu barədə fikirləri gücləndirib.

Hətta serbiyalı mütəxəssisin əvəzləyicisinin də axtarıldığı iddia olunur. Deyilənlərə görə, “Sumqayıt” rəhbərliyi mövsümün bitməsinə təxminən iki ay qalmış bəzi məşqçilərlə əlaqə saxlayaraq legioner mütəxəssisin mümkün əvəzləyicisini müəyyənləşdirməyə çalışır.

Maraqlısı odur ki, namizədlər arasında Samir Abasovun adı da çəkilir. İddialara görə, komandanı sonuncu dəfə avrokuboklara daşıyan, 110 gündür işsiz olan sumqayıtlı mütəxəssisin yenidən “kimyaçılar”ın baş məşqçisi postuna gətirilməsi nəzərdən keçirilir.

Abasov onunla bağlı yayılan məlumatları futbolinfo.az-a belə şərh edib: “Belə bir şey yoxdur, hamısı yalan söhbətdir. Yenidən Premyer Liqada işləmək? Xeyr, istəmirəm. Hələlik işləmək fikrim də yoxdur”.

Qeyd edək ki, Samir Abasov Misli Premyer Liqasının XII turunda “İmişli”yə 2:3 hesablı məğlubiyyətdən sonra “Neftçi”nin baş məşqçi postundan istefaya göndərilmişdi. O, 2024-cü ilin oktyabrında “Sumqayıt”dan ayrılaraq “Neftçi”yə getmişdi.

İdman.Biz