Arda Gülerdən inanılmaz qol: 65 metrdən rəqib qapısına yol tapdı - VİDEO

15 Mart 2026 10:20
90
Arda Gülerdən inanılmaz qol: 65 metrdən rəqib qapısına yol tapdı - VİDEO

İspaniyanın “Real” futbol komandasının yarımmüdafiəçisi Arda Güler La Liqanın 28-ci turunda “Elçe” ilə keçirilən matçda yadda qalan qola imza atıb.

İdman.Biz xəbər verir ki, futbolçu qarşılaşmanın 89-cu dəqiqəsində fərqlənərək Madrid klubunun 4:1 hesablı qələbəsini rəsmiləşdirib.

Güler topu meydanın mərkəzində, öz yarımsahəsində ələ keçirərək sol ayağı ilə qüvvətli zərbə endirib. Top “Elçe”nin qapıçısı Matias Dituronun üzərindən keçərək tora daxil olub.

Oyundan sonra “Real”ın gənc yarımmüdafiəçisi vurduğu fantastik qol və komandadakı vəziyyəti barədə fikirlərini bölüşüb:

“Qapıçını gördüm, o, yaxşı mövqedə deyildi, buna görə də şansımı sınadım və qol vurdum. Mövsümün qoludur? Çox sağ olun, bu, möhtəşəm qoldur. Çox xoşbəxtəm. Məşqçi ilə çox yaxşı münasibətimiz var, həm yaxşı, həm də çətin anlarda bir yerdəyik. Bu gün qoldan sonra sevincimi onunla və komanda yoldaşlarımla bölüşdüm. O, meydandakı mövqeyimə uyğun olaraq məndən fərqli şeylər tələb edir. Yarımmüdafiədə oynayanda oyunun qurulmasında daha fəal olmağımı, hücumda isə xətlər arasında və dərində oynamağımı istəyir. Hər zaman əlimdən gələni etməyə çalışıram”.

İlkin hesablamalara görə, “Real”ın gənc ulduzu bu qolu təxminən 65 metr məsafədən vurub.

İdman.Biz