Norveç futbolunun son illərdəki ən böyük sürprizi olan “Budo-Qlimt” klubunun uğurunun pərdəarxası məqamları üzə çıxıb. Komandanın Çempionlar Liqasındakı inanılmaz çıxışının səbəbi yalnız taktika deyil, həm də xüsusi psixoloji hazırlıqdır.
İdman.Biz xəbər verir ki, klubun baş məşqçisi Kyetil Knutsen komandanın vacib matçlarda təzyiqlə bacara bilmədiyini görərək qeyri-adi addım atıb. O, məşqçilər korpusuna keçmiş qırıcı təyyarə pilotunu dəvət edib.
Hərbi pilot futbolçulara ekstremal şəraitdə düzgün düşünmək və özünəinamı aşılamaq üçün xüsusi proqram tətbiq edib. Keçmiş əsgərin futbolçuların beyninə yeritdiyi əsas fikir isə onların dünyadakı istənilən klubu məğlub etməyə qadir olduqlarıdır.
Nəticə isə göz qabağındadır: Əvvəllər Çempionlar Liqasında oynamayan “Budo-Qlimt” ardıcıl olaraq “Mançester Siti”, “Atletiko”, “İnter” və “Sportinq” kimi nəhəngləri diz çökdürüb. Hazırda Norveç təmsilçisi turnirin 1/4 final mərhələsinə çıxmağa bir addım qalıb. Dünən Portuqaliyanın “Sportinq” kollektivini qonaq edən komanda 3:0 hesabı ilə qalib gəlib.
