Güvenç Kurtar Toral Bayramovun “Bursaspor”a xeyir verəcəyini deyir

12 İyun 2026 10:59
122
Güvenç Kurtar Toral Bayramovun “Bursaspor”a xeyir verəcəyini deyir

“Türkiyədə həmişə deyirdim ki, Azərbaycanda yaxşı yerli futbolçular var, onları transfer etmək lazımdır”.

Bu sözləri “Bursaspor”un sabiq baş məşqçisi Güvenç Kurtar milli komandamızın üzvü Toral Bayramovun keçidinə münasibət bildirib.

Təcrübəli mütəxəssisin fikrincə, Bayramov “Bursaspor”a xeyir verə biləcək. 2008/2009 mövsümündə “timsahlar”ı çalışdırmış 75 yaşlı məşqçi Toralın perspektivli futbolçu olduğunu da deyib.

“Türkiyədə həmişə deyirdim ki, Azərbaycanda yaxşı yerli futbolçular var, onları transfer etmək lazımdır. Bəzi klublar bunu edirdi. İndi də “Bursaspor” azərbaycanlı futbolçu gətirdi. Hər iki tərəf üçün uğurlu olmasını diləyirəm. Toral “Qarabağ”da, Azərbaycan millisində aparıcı futbolçulardan olub, yaxşı da oyunçudur. Fikrimcə, o, “Bursaspor”da uğurlu olacaq. Yaxşı zərbələri var, “Qarabağ”ın heyətində “Bodo Qlimt”ə vurduğu qolu da xatırlayıram. Ümidvaram ki, Türkiyədəki karyerası uğurlu alınacaq və “Bursaspor”a xeyir verəcək”, - deyə o, sportal.az-a açıqlamasında söyləyib.

Xatırladaq ki, Toral Türkiyə birinci liqa təmsilçisi ilə üç illik müqavilə imzalayıb.

İdman.Biz