Xulian Alvares “Barselona”ya son sözünü dedi

11 Mart 2026 14:07
108
Xulian Alvares “Barselona”ya son sözünü dedi

İspaniyanın “Atletiko” futbol komandasının hücumçusu Xulian Alvares son zamanlar adı ətrafında dolaşan transfer şayiələrinə son qoyub. Argentinalı futbolçu “Barselona”ya keçəcəyi ilə bağlı iddiaları rədd edərək, Madrid klubunda xoşbəxt olduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Tottenhem”i darmadağın etdikləri matçdan (5:2) sonra Alvares “mikst-zonada” jurnalistlərin suallarını cavablandırıb. O, sosial şəbəkələrdə yayılan xəbərlərin əsassız olduğunu vurğulayıb.

“Nə deməyimi istəyirsiniz? Mən heç vaxt belə bir şey deməmişəm. Bunlar sadəcə danışılan və sosial şəbəkələrdə böyüdülən mövzulardır. Əlbəttə ki, mən “Atletiko”da xoşbəxtəm. Çox xoşbəxtəm. Bütün turnirlərdə mübarizəni davam etdiririk. Düzdür, La Liqada bir qədər geridəyik, amma Çempionlar Liqasında işlərimiz qaydasındadır və qarşıda bizi Kral Kubokunun finalı gözləyir”, - deyə hücumçu bildirib.

“Mançester Siti”nin keçmiş hücumçusu komandaya kömək etmək üçün əlindən gələni etdiyini bildirib:

“Hər şey əladır. Bir müddət uğursuz seriyam olmuşdu, amma mən həmişə komandaya fayda vermək istəyirəm. Meydanda 100 faiz gücümü qoyuram. Ümid edirəm ki, qollar və məhsuldar ötürmələr gəlməyə davam edəcək”.

İdman.Biz