“Araz-Naxçıvan” klubunun futbolçusu Coşqun Diniyev “Qarabağ”a qarşı səfərdə 0:6 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının 23-cü tur matçından sonra oyunu şərh edib.
Təcrübəli yarımmüdafiəçi ağır məğlubiyyətə baxmayaraq nəticədən düzgün dərs çıxarmağın vacibliyini vurğulayıb.
C.Diniyev bildirib ki, komanda səfərə yaxşı nəticə qazanmaq üçün yollansa da, yekun hesab onlar üçün gözlənilməz olub.
“Bura yaxşı nəticə üçün gəlmişdik. Təəssüf ki, böyük hesabla məğlub olduq. Bu nəticə bizim üçün də sürpriz idi. Danışmalı məqamlar çoxdur. Ancaq əsas məsələ bu ağır yenilgini düzgün analiz edib nəticə çıxarmaqdır. Məğlubiyyəti qəbul etmək çətindir, lakin irəli baxmağa məcburuq”, - deyə o, sportnet.az-a bildirib.
Futbolçu hesab böyüdükdən sonra komandanın psixoloji durumuna da toxunub. O qeyd edib ki, böyük hesablı məğlubiyyətlər zamanı oyunçuların ruhdan düşməsi qaçılmaz olur:
“Hesab fərqi artdıqca futbolçular psixoloji baxımdan eniş yaşayırlar. Bununla belə, 90 dəqiqə ərzində sona qədər mübarizə aparmaq lazımdır. Çalışırdıq ki, hesab daha da böyüməsin və komanda şəklində bunun qarşısını alaq. Amma bu gün rəqibi dayandıra bilmədik”.
Yarımmüdafiəçi oyun zamanı təyin olunan penaltilərə də münasibət bildirib və hakim qərarlarının doğru olduğunu deyib:
“Hər iki penalti düzgün qərar idi. Etiraz etməyə əsas yoxdur. Səhvlər etdik və rəqib də bu imkanlardan maksimum yararlandı”.
Coşqun Diniyev komandanın baş məşqçisi Andrey Demçenko barədə səsləndirilən fikirlərə də aydınlıq gətirib. O bildirib ki, uğursuz nəticələri məşqçi amili ilə bağlamaq düzgün deyil:
“Baş məşqçi ilə bağlı heç bir problem yoxdur. O, çox təcrübəli mütəxəssisdir və nə istədiyini yaxşı bilir. Məşqçi tapşırıqları izah edir, lakin meydanda bunu icra edən futbolçulardır. Əgər icra istənilən səviyyədə deyilsə, məşqçinin edə biləcəyi çox şey qalmır. Təəssüf ki, yaxşı oyunlar göstərsək də, uğurlu seriya yaxalaya bilməmişik”.
Təcrübəli futbolçu növbəti turda qarşılaşacaqları “Karvan-Yevlax”la oyun barədə də danışıb. O, autsayderə qarşı matçın daha çətin keçəcəyini düşünür:
“Düşünürəm ki, “Karvan-Yevlax”la oyun bizim üçün “Qarabağ”a qarşı matçdan daha ağır olacaq. Onlar Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. Mövsümün sonuna az oyun qalıb və hər xal onlar üçün böyük əhəmiyyət daşıyır. Buna görə bizi çətin qarşılaşma gözləyir. Biz isə çalışacağıq ki, bu ağır məğlubiyyəti azarkeşlərimizə unutduraq”.
