“Xankəndi” niyə “Şəmkir”lə oyuna “Barselona” forması ilə çıxmaq istəyib?

9 Mart 2026 22:56
116
“Xankəndi” niyə “Şəmkir”lə oyuna “Barselona” forması ilə çıxmaq istəyib?

Azərbaycan 2-ci Liqasının 17-ci turunda “Şəmkir” - “Xankəndi” görüşü baş tutmayıb. Buna səbəb komandaların formalarının rənglərinin oxşar olması olub.

Məsələ ilə bağlı PFL-dən verilən məlumata görə, oyun forması ilə bağlı məsələlər 2-ci Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir. PFL “Şəmkir” klubunun həm reqlament qaydalarına əməl etməməsini, həm də problemin həlli üçün göstərilən bütün səylərə baxmayaraq oyuna çıxmaqdan imtina etməsini ciddi səhlənkarlıq və Azərbaycan futbolunun maraqlarına zidd hərəkət kimi qiymətləndirib.

Məsələ ilə bağlı “Şəmkir” Peşəkar Futbol Liqasına müraciət edib.

“Hörmətli, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, departament rəhbəri Elgiz Abbasov!

Futbol üzrə Azərbaycan I Liqası çərçivəsində keçirilməsi nəzərdə tutulan Şəmkir FK - Xankəndi FK oyununun baş tutmaması ilə bağlı baş vermiş vəziyyəti diqqətinizə çatdırmaq istəyirik ki, rəsmi təqvimə əsasən oyunun başlanma vaxtı saat 15:00 olaraq müəyyən edilmişdir. Meydan sahibi olan Şəmkir PFK-nın futbolçuları və məşqçi heyəti bütün qaydalara uyğun şəkildə, vaxtında – saat 15:00-da meydançaya daxil olmuş və oyunun başlanmasını gözləmişdir. Buna baxmayaraq, rəqib komanda Xankəndi FK forma uyğunsuzluğu səbəbindən oyuna başlaya bilməmişdir. Şəmkir komandası idman etikası və qaydalar çərçivəsində 45 dəqiqə müddətində meydançada rəqibini gözləmişdir. Lakin problem aradan qaldırılmamışdır.

Daha sonra isə təxminən 1 saat 30 dəqiqə keçdikdən sonra qonaq komanda üzərində nömrələr olmayan formalarla meydana çıxmağa cəhd etmişdir. Həmin formaların “Barcelona” klubunun dizaynına bənzər olduğu, lakin futbolçuların arxa hissəsində nömrələrin olmadığı qeyd olunmuşdur.

Məlum olduğu kimi, futbol qaydalarına və yarışın əsasnaməsinə əsasən hər bir futbolçunun formasının arxa hissəsində aydın görünən nömrə olmalıdır. Bu tələb oyun zamanı hakimlərin epizodları düzgün qeyd etməsi üçün zəruridir. Belə ki, vurulan qollar, göstərilən sarı və qırmızı vərəqələr, eləcə də digər oyun epizodları rəsmi protokolda məhz futbolçuların nömrələri ilə qeyd edilir. Bu səbəbdən nömrəsiz forma ilə oyuna çıxmaq futbol qaydalarına uyğun hesab edilə bilməz. Baş verən vəziyyət təəssüf ki, Xankəndi FK tərəfindən yarışın təşkilati qaydalarına lazımi səviyyədə əməl olunmadığını göstərir. Digər tərəfdən isə meydan sahibi olan Şəmkir PFK oyuna tam hazır olduğu, bütün qaydalara əməl etdiyi və əsasnamənin tələblərini yerinə yetirdiyi açıq şəkildə görünür.

Bu baxımdan yaranmış vəziyyətə obyektiv və ədalətli hüquqi qiymətin verilməsini Sizdən xahiş edirik. Əminik ki, Peşəkar Futbol Liqası Azərbaycan futbolunda qayda-qanunun və idman prinsiplərinin qorunması istiqamətində bu məsələyə də ədalətli yanaşacaqdır” – klubun müraciətində deyilir.

İdman.Biz