“Qalatasaray”ın hücumçusu Viktor Osimhen UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la qarşılaşma ehtimalını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, cümə günü keçiriləcək püşkatma öncəsi “CBS Sports”a danışan Osimhen, mümkün rəqiblər barədə səmimi fikirlərini bölüşüb.
“Dürüst olsaq, hazırda “Liverpul”la qarşılaşmaq bir növ qisas kimi olacaq. Kiminlə qarşılaşacağımızdan asılı olmayaraq, çox şey deməyəcəyəm, amma “Liverpul”dan qaçmaq istəyərdim. Əgər rəqib onlar olsa, əlimizdən gələni edəcəyik, lakin bu, asan olmayacaq”.
Qeyd edək ki, “Qalatasaray” liqa mərhələsində Arne Slotun komandasını İstanbulda 1:0 hesabı ilə məğlub edərək böyük sürprizə imza atmışdı. Həmin oyunda yeganə qolu penaltidən məhz Osimhen vurmuşdu. Hücumçu bu dəfə “Enfild” atmosferinin çətinliyini dərk etdiyini bildirib:
“Biz “Liverpul”la qarşılaşdıq, amma “Enfild”də oynamadıq. Onlarla yenidən rəqib olsaq, bu, möhtəşəm bir matç olacaq. Hesab edirəm ki, bu tapşırığın öhdəsindən gələ bilərik”.
27 yaşlı forvard turnirin səviyyəsinin yüksək olduğunu da vurğulayıb:
“Bu, Çempionlar Liqasıdır, burada asan rəqib yoxdur. “Budo-Qlimt”in necə performans göstərdiyini görürük. Qazanmaq istəyirsinizsə, böyük komandalara qarşı oynamalı və özünüzü sübut etməlisiniz”.
