Polşa millisinin keçmiş baş məşqçisi: “Mateuş Koxalski böyük klubların maraq dairəsinə düşə bilər”

26 Fevral 2026 14:25
86
Polşa millisinin keçmiş baş məşqçisi: “Mateuş Koxalski böyük klubların maraq dairəsinə düşə bilər”

“Mateuş Koxalski ilə qısa müddət “Legiya”da birgə çalışmışam”.

Bu sözləri Polşa millisinin sabiq baş məşqçisi Çeslav Mixneviç “Qarabağ”da çıxış edən həmyerlisi Mateuş Koxalski barədə danışarkən deyib.

Onun sözlərinə görə, polşalı qolkiper həm insani keyfiyyətləri, həm də peşəkarlığı ilə seçilir.

“Mateuş çox ağıllı, savadlı və yüksək xarakterə malik insandır. Peşəkar keyfiyyətlərinə gəldikdə isə fikrimcə, o, əla qapıçıdır. Polşa yığması tarixən güclü qapıçıları ilə seçilib. Fikrimcə, hazırda Mateuş yığmada dördüncü və ya beşinci seçim hesab oluna bilər. Bu, mənim şəxsi yanaşmamdır”, - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Koxalskinin böyük liqalarda çıxış etmək ehtimalına da toxunan mütəxəssis qolkiperin beynəlxalq təcrübəsini xüsusi vurğulayıb:

“O, bu mövsüm UEFA Çempionlar Liqasında oynayıb və ciddi təcrübə qazanıb. Düşünürəm ki, böyük klubların maraq dairəsinə düşə bilər. Hazırda onun üçün növbəti liqaya transfer baxımından münasib zaman ola bilər. Hansı çempionata uyğunlaşacağını isə zaman göstərəcək”.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından “Qarabağ”da çıxış edir.

İdman.Biz