“Barselona”nın prezidentliyinə namizəd Joan Laporta investorlarla bağlanmış müqavilələr zamanı çirkli pulların yuyulması ilə bağlı irəli sürülən ittihamlara münasibət bildirib. İspaniya Milli Məhkəməsinə bu şikayəti katalon klubunun üzvlərindən biri daxil edib.
İdman.Biz xəbər verir ki, Laporta bu addımı seçki prosesinə müdaxilə və klubun sabitliyini pozmaq cəhdi kimi qiymətləndirib.
“Klubun üzvü olan və növbəti gün yalan və fırıldaqla dolu şikayət verən bu şəxsin məqsədi tamamilə aydındır: seçki prosesini pozmaq və mənim namizədliyimə zərər vurmaq”, - deyə Laporta söyləyib.
O, bu hücumların arxasında Madrid dairələrinin dayandığını da iddia edib:
“Madriddə olanların “Barsa”nı qeyri-sabitləşdirməyə çalışdıqları gün kimi bəllidir. Onlar mənim prezidentliyim dövründə əldə etdiyimiz hər şeyi dağıtmaqla bunu edirlər. Aydındır ki, bu adamın arxasında kimsə dayanıb”.
Laporta rəhbərlik etdiyi “Barselonanı qoruyaq” hərəkatının klubu bu cür hücumlardan müdafiə edəcəyini vurğulayıb:
“Bu insanların yeganə məqsədi klubun bərpası, onun iqtisadi, idman və sosial cəhətdən güclənməsi üçün görülən bütün işləri məhv etməkdir”.
