“ Çempionun kim olacağını demək üçün tezdir. “Qarabağ” ÇL-də mübarizəni dəyandırdı, artıq bütün diqqəti ölkə çempionatına və kuboka yönəldəcəklər”.
Bunu “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Vüqar Mustafayev futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Nyukasl”a 2:3 hesabı ilə uduzdu. Keçmiş komandanızın sərgilədiyi oyunu necə şərh edərdiniz? İngiltərədən heç-heçə ilə qayıtmaq üçün nə çatışmadı?
– Əvvəla, Azərbaycanı Çempionlar Liqası kimi böyük turnirdə layiqincə təmsil etdiklərinə, azarkeşlərə o həyəcanı yaşatdıqlarına görə “Qarabağ” klubunda əziyyəti olan hər kəsə həm təşəkkür, həm də təbrik düşür. Oyuna gəldikdə isə “Nyukasl” cütün taleyini artıq Bakıdakı görüşdə həll etmişdi. Cavab matçının əvvəlində buraxılan iki topa baxmayaraq, komandamız sınmadı, təslim olmadı. “Qarabağ”ın bu duruşu mənim ürəyimcə oldu. Bakıdakı oyunla müqayisədə cavab görüşündə komanda daha inamlı idi. Ümumilikdə “Qarabağ” yaxşı mübarizə apardı, rəqibə çətinliklər yaşatdı. Düşünürəm ki, “Nyukasl” həm individual cəhətdən, həm də keyfiyyət və sürətdə daha üstün idi.
– “Nyukasl”la cavab qarşılaşmasında “Qarabağ”ın heyətində ən çox kimin oyununu bəyəndiniz?
– Elvin Cəfərquliyevi deyərdim. Hücumların qurulmasında aktiv iştirakına, gediş-gəlişlərinə, komandanın ritmini yüksək tutmağa çalışmasına görə onun adını çəkdim.
– “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasındakı ümumi performansını necə şərh edərdiniz?
– Qurban Qurbanov demişkən, çox böyük təcrübə qazandılar. Əsasən də, son oyunlar komandanın daha da böyüməsinə səbəb olacaq.
– “Qarabağ”ın qarşıdakı illərdə bundan da yaxşı uğura imza atacağını gözləyirsiniz?
– Dediyim kimi, bu mövsüm böyük təcrübə qazanıldı. Fikrimcə, gələcək illərdə daha yaxşı nəticələrə və uğurlara imza atılacaq.
– Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” Azərbaycan Premyer Liqasında “Sabah”ın üstünlüyünü aradan qaldıra biləcəkmi? Kimin mövsümü çempion kimi bitirəcəyini düşünürsünüz?
– Çempionun kim olacağını demək üçün tezdir. “Qarabağ” ÇL-də mübarizəni dəyandırdı, artıq bütün diqqəti ölkə çempionatına və kuboka yönəldəcəklər. “Sabah” da bu sezon çempionluq üçün yetərincə iddialıdır, göstərdikləri oyun və nəticələr buna sübutdur. Həqiqətən də yaxşı komanda formalaşıb. Bu turda “Qarabağ” “Sabah”la üz-üzə gələcək, nəticə hər iki komanda üçün önəmli olacaq. Həm “Qarabağ”, həm “Sabah”, həm də digər klublarımız üçün çempionatın son dövrəsi həlledici və gərgin keçəcək.
– Nəriman Axundzadə bu yaxınlarda ABŞ klubuna keçdi. “Qarabağ”ın başqa hansı futbolçularının tezliklə xarici klublara transfer olunacağını fikirləşirsiniz?
– Nəriman istedadlı futbolçudur, ona uğurlar arzulayıram. Ümid edirəm ki, Amerikada hər şey onun üçün yaxşı olar, öz potensialını daha da yaxşılaşdırar. Son zamanlardakı tənqidlər və təzyiqlər Nərimanın performansına təsir edirdi. İnşallah, orada bu tənqid və təzyiqdən uzaq olar. Ehtimal edirəm ki, ÇL-dəki uğurlu mövsümdən sonra “Qarabağ”ın bir çox oyunçusunun təklifi var və ya olacaq. Amma konkret kimlərin gedəcəyini demək mənim üçün çətindir.
