“Benfika”nın yarımmüdafiəçisi Canluka Prestianni Vinisiusla arasında yaşanan qalmaqalı braziliyalının başladığını iddia edib.
İdman.Biz bu barədə “The Times” nəşrinə istinadən məlumat yayıb.
Hazırda diskvalifikasiya olunmuş “Benfika” futbolçusu qarşıdurmanın səbəbi kimi rəqibin təxribatçı ifadəsini göstərib. Onun sözlərinə görə, Vinisius Junior onun 166 santimetrlik boyu ilə bağlı təhqiramiz ifadə işlədərək futbolçuya “cırtdan” deyib.
Prestiyanni əvvəl səsləndirilən irqçilik ittihamlarını da təkzib edib. O bildirib ki, meydanda deyilən sözlər düzgün eşidilməyib.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real Madrid" və "Benfika" arasında insident baş vermişdi. Həmin vaxt "kral klubu"nun vingeri Vinisius Junior Portuqaliya klubunun yarımmüdafiəçisi Canluka Prestiannini onu meymun adlandırmaqda ittiham etmişdi. Öz növbəsində UEFA-nın Etika, Nəzarət və İntizam Komitəsi "Benfika" futbol klubunun argentinalı yarımmüdafiəçisi Canluka Prestiannini Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda "Real Madrid" klubuna qarşı keçiriləcək cavab matçından kənarlaşdırmaq barədə qərar qəbul edib.
