Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti mart ayında keçiriləcək yoldaşlıq görüşləri üçün Neymarın xidmətindən istifadə etməmək qərarına gəlib.
İdman.Biz ESPN-ə istinadla xəbər verir ki, Ançelotti mart ayında ABŞ-də Fransa və Xorvatiyaya qarşı keçiriləcək matçlar üçün Neymarı heyətə daxil etməyi düşünmür. İtalyan mütəxəssis 2026-cı il Dünya Çempionatı (DÇ-2026) öncəsi oyunçunun adından çox, onun fiziki durumuna üstünlük verir.
Məlumata görə, Ançelotti 34 yaşlı hücumçunun uzun müddətli zədədən sonra hələ tam formasını bərpa etmədiyini bildirib. Baş məşqçinin ulduz futbolçu üçün tələbi bəllidir: Elit fiziki performans. Neymarın texniki keyfiyyətləri müzakirə mövzusu olmasa da, onun may ayında açıqlanacaq yekun heyətdə yer alması üçün klub səviyyəsində ritm qazanması vacibdir.
Hazırda məşqçilər heyətinin əsas diqqəti hücum xəttindən daha çox, müdafiədəki boşluqları doldurmağa yönəlib. Xüsusilə cinah müdafiəçiləri, Markinyos və Qabriel Maqalyayesin əvəzləyicilərinin müəyyənləşdirilməsi prioritet sayılır.
Əgər Neymar fiziki və texniki cəhətdən tələblərə cavab verməsə, karyerasında dördüncü Dünya Çempionatında iştirak şansını itirə bilər.
