"Liverpul" Premyer Liqanın növbəti turunda "Nottingem Forest" ilə qarşılaşma öncəsi gözlənilməz itki ilə üzləşib. Yay transfer pəncərəsində komandaya qatılan və qısa müddətdə "qırmızılar"ın mühərrikinə çevrilən Florian Virts oyunöncəsi hazırlıq zamanı zədələnib.
İdman.Biz xəbər verir ki, “City Ground” stadionunda keçirilən matçın start heyətinə daxil edilən 22 yaşlı yarımmüdafiəçi isinmə hərəkətləri zamanı ağrılar hiss edib. Texniki heyətlə qısa söhbətdən sonra onun riskə salınmaması qərara alınıb və Virts son dəqiqədə Kertis Consla əvəzlənib.
"Liverpul"un baş məşqçisi Arne Slot fevral ayındakı uğurlu çıxışına görə təriflədiyi Virtsin yoxluğunu böyük itki kimi qiymətləndirib. Almaniyalı futbolçu ilin əvvəlindən bəri komandanın vurduğu son altı qolun beşində birbaşa iştirak edərək (qol və ya assist) əvəzolunmaz simaya çevrilmişdi.
