Seriya A: “Atalanta”dan möhtəşəm geri dönüş - VİDEO

22 Fevral 2026 20:18
62
Seriya A: “Atalanta”dan möhtəşəm geri dönüş - VİDEO

İtaliya Seriya A-da 26-cı tur çərçivəsində "Atalanta" doğma meydanda "Napoli"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı qonaqlar açıblar. Qarşılaşmanın 18-ci dəqiqəsində "Napoli"nin müdafiəçisi Sem Bokema fərqlənərək komandasını önə çıxarıb. İlk hissə neapolluların üstünlüyü ilə yekunlaşıb.

Lakin ikinci yarıda "Atalanta" təzyiqi artıraraq geri dönüş etməyi bacarıb. 61-ci dəqiqədə Mario Paşaliç tarazlığı bərpa edib. Matçın sonuna yaxın, 81-ci dəqiqədə isə Lazar Samardjiç vurduğu qolla Berqamo təmsilçisinə vacib qələbə qazandırıb.

Bu məğlubiyyətə baxmayaraq, "Napoli" 50 xalla turnir cədvəlinin üçüncü pilləsində qalıb. Xallarının sayını 45-ə çatdıran "Atalanta" isə yeddinci sıradakı mövqeyini möhkəmləndirib.

İdman.Biz