Türkiyə Süperliqasının 23-cü turunda "Trabzonspor" səfərdə "Qaziantep"in qonağı olub. Qaziantep Böyükşəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı geri dönüşü ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın 22-ci dəqiqəsində Məhəmməd Bayonun qolu ilə hesabda geri düşən "Trabzonspor" vəziyyəti cəmi beş dəqiqə ərzində xeyrinə dəyişə bilib. 24-cü dəqiqədə Felipe Auqusto, 27-ci dəqiqədə isə Pol Onuaçu rəqib qapısına yol taparaq "fırtına"nı önə çıxarıblar.
Qarşılaşmanın qəhrəmanlarından biri isə "Trabzonspor"un son vaxtlar tənqid olunan qolkiperi Andre Onana olub. Kamerunlu əlcək sahibi matç boyunca doqquz dəfə seyv edərək komandasının qələbəsində böyük rol oynayıb.
Bu nəticə ilə xallarının sayını 48-ə yüksəldən "Trabzonspor" (üçüncü pillə) zirvə yarışındakı mövqeyini qoruyub. Son 10 oyunda cəmi bir dəfə qalib gələn "Qaziantep" isə 28 xalla doqquzuncu pillədə qalıb.
Növbəti turda "Trabzonspor" öz meydanında "Fatih Karagümrük"ü qəbul edəcək. "Qaziantep" isə "Samsunspor" səfərinə yollanacaq.
17:10
Türkiyə Süperliqasının 23-cü turu çərçivəsində autsayderlər zonasında mübarizə aparan "Kayserispor" öz meydanında "Antalyaspor"u qəbul edib.
İdman.Biz xəbər verir ki, uzun müddətdir qələbəyə həsrət qalan "Kayserispor"a üç xalı gətirən qolu matçın sonlarında, 89-cu dəqiqədə Talha Sarıarslan vurub. Qeyd edək ki, qarşılaşmanın 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Laslo Beneş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyərək topu qapıdan kənar göndərib.
Bu nəticə ilə səkkiz oyunluq uğursuz seriyanı qıran "Kayserispor" xallarının sayını 19-a yüksəldərək turnir cədvəlinin alt sıralarından uzaqlaşmaq yolunda vacib addım atıb. "Antalyaspor" isə 23 xalda qalıb.
Növbəti turda "Kayserispor" səfərdə "Gənclərbirliyi"nin qonağı olacaq. "Antalyaspor" isə öz meydanında "Fənərbaxça"nı qəbul edəcək.
