Premyerliqa: Mak Allisterin qolu “Liverpul”a dramatik qələbə qazandırdı - YENİLƏNİR + VİDEO

22 Fevral 2026 20:25
177
Premyerliqa: Mak Allisterin qolu “Liverpul”a dramatik qələbə qazandırdı - YENİLƏNİR + VİDEO

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində "Nottingem Forest" doğma meydanda "Liverpul"u qəbul edib. Gərgin keçən qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda dramatik anlar oyunun son dəqiqələrinə təsadüf edib. Qarşılaşmanın 89-cu dəqiqəsində "Liverpul"un yarımmüdafiəçisi Aleksi Mak Allister rəqib qapısına yol tapsa da, VAR sistemindəki yoxlanışdan sonra qol qayda pozuntusu səbəbindən ləğv edilib.

Buna baxmayaraq, mersisaydlılar mübarizəni sona qədər davam etdiriblər. Matçın 90+7-ci dəqiqəsində Mak Allister yenidən səhnəyə çıxaraq komandasına vacib qələbə qazandıran qola imza atıb.

Bu nəticədən sonra "Liverpul" 45 xalla turnir cədvəlinin altıncı pilləsində qalıb. Çətin günlər keçirən "Nottingem Forest" isə xallarının sayını 27-yə çatdıraraq 17-ci sırada qalıb.

Növbəti turda "Nottingem Forest" martın 1-də səfərdə "Brayton"un qonağı olacaq. "Qırmızılar" isə fevralın 28-də öz meydanında "Vest Hem"i qəbul edəcək.

20:10

İngiltərə Premyer Liqasının 27-ci turu çərçivəsində “Kristal Palas” “Vulverhempton”u qəbul edib.

İdman.Biz xəbər verir ki, matçın 61-ci dəqiqəsində qonaqların futbolçusu Ladislav Kreyçi ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Rəqibin azlıqda qalmasından istifadə edən ev sahibləri təzyiqi artırıblar. Qarşılaşmanın taleyini 90-cı dəqiqədə Evann Qessan həll edib. Onun vurduğu qol London təmsilçisinə vacib üç xal qazandırıb.

Bu qələbədən sonra xallarının sayını 35-ə çatdıran “Kristal Palas” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. 10 xalı olan “Vulverhempton” isə sonuncu yerdə qalmaqda davam edir.

Növbəti turda “Kristal Palas” martın 1-də səfərdə “Mançester Yunayted”lə qarşılaşacaq. “Canavarlar” isə fevralın 27-də “Aston Villa”nı qəbul edəcək.

Paralel keçən matçda “Fulhem” səfərdə “Sanderlend”ə 3:1 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, London təmsilçisinin heyətində Raul Ximenes dubla imza ataraq qələbədə böyük pay sahibi olub. Komandanın digər qolunu isə Aleks Ayvobi rəqib qapısından keçirib. Meydan sahiblərinin yeganə təsəlli qoluna Enso Le Fe imza atıb.

Bu qələbə ilə üç oyunluq məğlubiyyət seriyasını qıran “Fulhem” xallarının sayını 37-yə çatdıraraq turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Aktivində 36 xal olan “Sanderlend” isə 12-ci sıraya geriləyib.

İdman.Biz