“Qəbələ stadionun öt örtüyü istənilən hava şəraitinə davamlıdır” - Orxan Yunisovun İDMAN.BİZ-ə AÇIQLAMASI + FOTO

21 Fevral 2026 13:20
132
“Qəbələ stadionun öt örtüyü istənilən hava şəraitinə davamlıdır” - Orxan Yunisovun İDMAN.BİZ-ə AÇIQLAMASI + FOTO

Xüsusən qış aylarında ölkə stadionlarında futbol meydançalarının vəziyyəti ən çox müzakirə olunan məsələlərdən birinə çevrilir. Qar, şaxta və ya güclü yağış şəraitində ot örtüyünün necə qorunduğu maraqlı mövzulardan biri hesab edilir.

Mövzu ilə bağlı İdman.Biz-ə “Caspian Sport and Landscape” şirkətinin əməkdaşı, Qəbələ şəhər stadionunun meydançasına cavabdeh Orxan Yunisov danışıb.

Onun sözlərinə görə, stadionda qazonun keyfiyyəti iki əsas amillə - keyfiyyətli drenaj və isitmə sistemi ilə qorunur:

“Bizdə meydançanın vəziyyəti istənilən hava şəraitində yüksək səviyyədə qalır. Bunun əsas səbəbi keyfiyyətli drenaj və qızdırıcı sistemdir. Sadə dillə desək, qışda qazon isti döşəməyə çevrilir. Temperaturu hava şəraitinə uyğun tənzimləyirik: şaxta və qar zamanı artırırıq, hava normallaşanda azaldırıq. Bu sistem bütün meydança boyu quraşdırılıb və örtüyün keyfiyyətinə zəmanət verir”.

Yunisov bildirib ki, qışda əsas faktor gecə temperaturudur:

“Şaxtalı havada isitmə sistemini söndürmək olmaz. Ot örtüyünün qorunması üçün istilik sabit saxlanılmalıdır. Yayda isə iş prinsipi fərqlidir - qazon vaxtında biçilməli və suvarılmalıdır ki, ot yanmasın və sahə sıradan çıxmasın”.

O əlavə edib ki, ilboyu otun hündürlüyü 22-30 millimetr arasında saxlanılır. Dəqiq göstəricini isə komandanın baş məşqçisi müəyyənləşdirir - futbolçuların hansı şəraitdə məşq edib oynayacağına da məhz o qərar verir.

İdman.Biz