Avropanın ən yaxşı bombardirinə verilən "Qızıl buts" mükafatı uğrunda mübarizə gərginləşir. "Bavariya"nın hücumçusu Harri Keyn son həftəsonu göstərdiyi performansla ən yaxın izləyicisi Kilian Mbappe ilə arasındakı fərqi artırıb.
İdman.Biz "Marca" nəşrinə istinadla xəbər verir ki, Keyn Bundesliqanın son turunda "Bremen"ə qarşı oyunda (3:0) dubl edərək qollarının sayını 26-ya çatdırıb. Digər tərəfdən, "Real"ın fransız ulduzu Kilian Mbappe "Real Sosyedad"la matçda (4:1) zədə qorxusu səbəbindən istirahət etdirildiyi üçün qol hesabını artıra bilməyib.
Hazırda mükafat uğrunda yarışan futbolçuların xal ardıcıllığı aşağıdakı kimidir:
1. Harri Keyn (“Bavariya”) – 52
2. Kilian Mbappe (“Real”) – 46
3. Erlinq Holand (“Mançester Siti”) – 44
4. İqor Tyaqo (“Brentford”) – 34
5. Vedat Muriqi (“Malyorka”) – 32
6. Vangelis Pavlidis (“Benfika”) – 30
7. Darko Lemayiç (RFS) – 29
8. Luis Suares (“Sportinq”) – 28.5
9. Meyson Qrinvud (“Marsel”) – 28
10. Lautaro Martines (“İnter”) – 28
Qeyd edək ki, siyahıda hər qol liqaların səviyyəsinə görə xüsusi əmsala vurulur. Ötən mövsüm bu mükafatı 31 qolla Kilian Mbappe qazansa da, hazırda Keyn 26 qolla (52 xal) zirvədə qərarlaşıb.
