Belçika Pro Liqasında gözlənilməz şəkildə ön sıralara yüksələn “Sent-Trüden” mövsümün əsas sürprizlərindən sayılır.
İdman.Biz xəbər verir ki, ötən mövsümü 14-cü pillədə başa vuran komanda indi lider “Yunion”dan cəmi dörd xal geri qalır və tarixində ilk dəfə çempionluğa real namizəd kimi göstərilir. Halbuki heyətin ümumi dəyərinə görə klub liqada yalnız 12-ci sıradadır - 32,7 milyon avro (65 milyon AZN).
“Sent-Trüden”i fərqləndirən ən maraqlı cəhət isə onun Avropanın “yapon” komandası adlandırılmasıdır. Heyətdə bu ölkədən səkkiz legioner var ki, bu da aparıcı liqalarda rekord göstəricidir. Bunun səbəbi aydındır: 2017-ci ildən klubun sahibi Yaponiya elektron ticarət şirkəti DMM-dir. Məqsəd Belçika ilə Yaponiya arasında mədəni körpü yaratmaq olub və bu strategiya transfer siyasəti üzərindən qurulub. Son doqquz ildə sarı-göylərin formasını ümumilikdə 29 yapon futbolçu geyinib.
Ən vacibi isə layihə həm idman, həm də mədəni baxımdan nəticə verir. Hazırda komandanın çempionatda ən yaxşı bombardirləri də yaponlardır: Keisuke Qoto doqquz, Ryotaro İto altı, Rihito Yamamoto isə dörd qolla fərqlənib. Eyni zamanda şəhərə gündoğan ölkədən gələn turistlərin sayı son illərdə dəfələrlə artıb.
