“Çalışıram ki, komandaya daha çox fayda verim. Düşünürəm, bu klub üçün daha artığını edə bilərəm”.
Bu sözləri “Neftçi”nin futbolçusu Murad Məmmədov deyib.
Son vaxtlar performansı ilə diqqətləri üzərinə çəkən 20 yaşlı yarımmüdafiəçi baş məşqçi Yuri Verniduba təşəkkür edib.
“Sağ olsun ki, mənə güvənir. “Neftçi” böyük klubdur. Burada hər oyundan-oyuna daha yaxşı çıxış etməliyik”, - deyə o, teleqraf.az-a açıqlamasında deyib.
M.Məmmədov Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ” üzərində 1:0 hesabı ilə qələbə qazanmaları barədə də danışıb:
“Düşünürəm ki, yaxşı oyun keçirdik. İkinci hissədə daha çox müdafiəyə qapandıq. Daha çox epizodlarımız oldu və onları dəyərləndirə bilərdik. Buna baxmayaraq, vacib 3 xal qazandıq. Bu qələbə növbəti oyun üçün yaxşı motivasiya oldu. İnanıram ki, gələcək oyunlarda da yaxşı çıxış edəcəyik. Çempionata yaxşı başlamasaq belə, çalışırıq və vuruşuruq. Kubokda məğlub olsaq da, Premyer Liqadakı yerimizi möhkəmlətməyə çalışırıq. İnanıram ki, hər oyunda qələbə qazanaraq “top 3-lük”ə yüksələ bilərik”.
