"Araz-Naxçıvan" futbol klubu rəhbərlik ətrafında yayılan xəbərlər fonunda ortaya çıxan maliyyə və ya təşkilati problemlərlə bağlı məlumatları rəsmi şəkildə təkzib edib.
Bu barədə İdman.Biz-ə klubun mətbuat xidmətindən bildirilib.
“Ölkə çempionatının 20-ci turu ərəfəsində bizim cəmi bir problemimiz var – bu da heyət itkiləridir. Zədələr səbəbindən Ürfan Abbasov və fransalı İssuf Paro komandaya kömək edə bilməyəcək. Bundan əlavə, Patrik Andrade sarı vərəqə limitini doldurduğu üçün "Sumqayıt"la oyunu buraxacaq. Klubun başqa heç bir problemi yoxdur, maaşların ödənilməsinə isə hələ kifayət qədər vaxt var”, – deyə mətbuat xidmətində qeyd olunub.
Qeyd edək ki, bu açıqlama rezonans doğuran cinayət işləri fonunda verilib. Belə ki, Naxçıvan Futbol Federasiyasının və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov hazırda ev dustaqlığındadır. Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) ilə ittiham irəli sürüb.
Eyni zamanda onun qardaşı, "Araz-Naxçıvan" klubunun rəhbəri Ramin Axundov tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində axtarışa verilib.
