İPL: “Qarabağ”ın rəqibi dərin enişdən çıxa biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

10 Fevral 2026 17:43
147
İPL: “Qarabağ”ın rəqibi dərin enişdən çıxa biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

İngiltərə Premyer Liqasında(İPL) bu gün 26-cı turun ilk oyun günü keçiriləcək.

İdman.Biz xəbər verir ki, fevralın 10-na, çərşənbə axşamına planlaşdırılan matçlar arasında ilk növbədə "Tottenhem" - "Nyukasl" qarşılaşması diqqət çəkir. Nəzərə alsaq ki, sonuncunu tezliklə Bakıya səfər gözləyir, bu görüş xüsusi maraq doğurur. Həmçinin yaxşı formada olan "Mançester Yunayted"in "Vest Hem"ə qarşı səfər oyunu da diqqət mərkəzindədir.

Qeyd edək ki, 26-cı turun startı ərəfəsində turnir cədvəlinə "Arsenal" başçılıq edir, daha sonra "Mançester Siti" və "Aston Villa" gəlir. Çempionlar Liqası zonasına həmçinin "Mançester Yunayted" və "Çelsi" daxildir.

"Tottenhem" - "Nyukasl" (10 fevral, Bakı vaxtı ilə 23:30)

Azərbaycan auditoriyası üçün turun əsas matçı: "Nyukasl" tezliklə Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq və komandanın hazırkı forması ilə bağlı istənilən detal böyük əhəmiyyət kəsb edir.

Qurban Qurbanovun komandasının rəqibi çətin vəziyyətdədir: "sağsağanlar" Premyer Liqada son üç oyunda "Aston Villa"ya (0:2), "Liverpul"a (1:4) və "Brentford"a (2:3) uduzublar. Üstəlik, İngiltərə Liqa Kubokunun yarımfinalının cavab matçında "Mançester Siti"yə (1:3) məğlubiyyəti də nəzərə alsaq, Eddi Haunun komandası artıq ardıcıl dörd məğlubiyyət alıb. Ümumilikdə isə bütün turnirlərdə "Nyukasl" son beş matçdır qələbə qazana bilmir - bu seriya "Vulverhempton"la heç-heçə (0:0) ilə başlayıb, ardınca dörd məğlubiyyət gəlib.

Belə nəticələr fonunda Hau üzərində təzyiq artıb: Britaniya mediası baş məşqçinin gələcəyi ilə bağlı müzakirələrin xeyli gücləndiyini qeyd edir. Heyət baxımından da suallar var - son məlumatlarda Joellinton və Fabian Şerin itkilər arasında olduğu bildirilir.

"Tottenhem" də görüşə çətin vəziyyətdə yanaşır: komanda turnir cədvəlinin aşağı hissəsində qərarlaşıb və Premyer Liqada artıq yeddi matçdır qələbə qazana bilmir. Baş məşqçi Tomas Frank açıq şəkildə bildirib ki, komanda təcili xal toplamalıdır, əks halda elitada qalmaq uğrunda mübarizə reallığa çevrilə bilər. Üstəlik, heyətdə itkilər də var: müdafiəçi Destini Udoji budun arxa əzələsinin zədəsi səbəbindən 4–5 həftə sıradan çıxıb, kapitan Kristian Romero isə ötən turdakı qırmızı vərəqədən sonra dörd oyunluq diskvalifikasiyaya başlayır.

Beləliklə, Londondakı qarşılaşma "Nyukasl" üçün avrokubok duelindən əvvəl oyunu sabitləşdirmək, "Tottenhem" üçün isə uzun sürən böhrandan çıxaraq düşmə zonasına yaxınlaşmamaq imkanıdır.

"Vest Hem" - "Mançester Yunayted" (10-dan 11 fevrala keçən gecə, Bakı vaxtı ilə 00:15)

"Mançester Yunayted" "London Stadium"a ardıcıl dörd qələbə seriyası ilə gəlir. Komanda çempionluq uğrunda mübarizənin favoritlərini - "Mançester Siti"ni (2:0) və "Arsenal"ı (3:2) - məğlub edib. Bundan başqa, "Fulhem" (3:2) və "Tottenhem" (2:0) üzərində də qələbələr qazanılıb. Maykl Kerrikin rəhbərliyi altında nəticələr nəzərəçarpacaq dərəcədə yaxşılaşıb, lakin səfər öncəsi itkilər də var: məşqçinin sözlərinə görə, Meyson Maunt böyük ehtimalla oyunu buraxacaq, həmçinin Matyeys de Liqtin də iştirak etməyəcəyi bildirilir.

"Vest Hem" düşmə zonasındadır, lakin ötən tur səfərdə "Bernli"ni (2:0) məğlub edərək vacib xallar qazanıb. Heyətlə bağlı son xəbərlərə görə, müdafiəçi Jan-Kler Todibo diskvalifikasiyasını davam etdirir, qapıçı Lukaş Fabianski isə bel zədəsi səbəbindən komandaya kömək edə bilməyəcək.

İPL-in 26-cı turunun digər oyunları:

10 fevral

"Çelsi" – "Lids"

"Everton" – "Bornmut"

11 fevral

"Aston Villa" – "Brayton"

"Kristal Pelas" – "Bernli"

"Mançester Siti" – "Fulhem"

"Nottingem Forest" – "Vulverhempton"

"Sanderlend" – "Liverpul"

12 fevral

"Brentford" – "Arsenal"

26-cı tur ərəfəsində APL turnir cədvəli:

"Arsenal" – 56

"Mançester Siti" – 50"Aston Villa" – 47

"Mançester Yunayted" – 44

"Çelsi" – 43

"Liverpul" – 39

"Brentford" – 39

"Everton" – 37

"Sanderlend" – 36

"Fulhem" – 34

"Bornmut" – 34

"Nyukasl" – 33

"Kristal Pelas" – 32

"Brayton" – 31

"Tottenhem" – 29

"Lids" – 29

"Nottingem Forest" – 26

"Vest Hem" – 23

"Bernli" – 15

"Vulverhempton" – 8

İdman.Biz