“Gücüm və istəyim olduqca meydanda olacağam” - Ruslan Poladovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

11 Fevral 2026 11:00
133
“Gücüm və istəyim olduqca meydanda olacağam” - Ruslan Poladovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Yerli futbolu uzun illərdir izləyən azarkeşlər Ruslan Poladovu hələ ötən əsrin sonlarında keçirdiyi oyunlardan xatırlayırlar. Bu səbəbdən 46 yaşlı veteranı “Xankəndi” ilə “Zəngəzur” arasında keçirilən yoldaşlıq matçında görmək daha da diqqət çəkdi. Məlum oldu ki, Poladov artıq bir neçə aydır Regional Liqada “Zəngəzur”un şərəfini qoruyur.

İdman.Biz ölkə futbolunun şübhəsiz ən yaşlı fəal oyunçusu ilə söhbətləşib.

- Ruslan bəy, karyeranıza harada başlamısınız və hansı klublarda oynamısınız?

- Sumqayıtda doğulmuşam. Əlbəttə, ilk addımlarımı doğma şəhərin komandasında - o vaxt “Xəzər-Sumqayıt” adlanırdı - atdım. Hələ 1998-ci ildə, ötən əsrdə debüt etmişəm. Sonra isə müxtəlif klublarda çıxış etmişəm.

- Onların arasında artıq fəaliyyətini dayandıranlar da var.

- Bəli, belə komandalar da az olmayıb: “Gənclərbirliyi”, “Xəzər-Lənkəran” kimi klublarda oynamışam.

- Belə çıxır ki, bir çox klublar artıq futbolla vidalaşıb, siz isə hələ də oyundasınız. Başqa peşədə özünüzü tapa bilməmisiniz?

- Əksinə, tapmışam (gülür). Doğma şəhərdə işləyirəm, “Sumqayıt” FK-nın akademiyasında U-16 komandasının məşqçisiyəm. Sadəcə, hələ futbol oynamaqdan doymamışam. Bundan başqa, mini-futbolda da “Qalaksi”nin heyətində çıxış edirəm. Nə qədər pafoslu səslənsə də, meydançaya yalnız bu oyuna sevgimə görə çıxıram.

- Azərbaycanlı Kadzuyosi Miura olmaq istəyirsiniz? (Miura - 58 yaşında karyerasını davam etdirən dünyanın ən yaşlı peşəkar futbolçusudur - red.)

- Xeyr, ona çatmağıma hələ çox var, mən hələ çox gəncəm (gülür). Onun yaşı 60-a yaxındır, mənim isə hələ 47 yaşım tamam olmayıb. Üstəlik, Miura yüksək liqada oynayır, mən isə regional liqada.

- Niyə məhz “Zəngəzur”u seçdiniz? İnanmıram ki, səbəb maliyyə olsun.

- Əlbəttə, maliyyə deyil. Açığı, bir neçə təklif var idi. Amma birincisi, klubun adı rol oynadı, ikincisi isə burada demək olar ki, bütün uşaqları tanıyıram, uyğunlaşma problemi yoxdur. Əsas olan bizi birləşdirən məqsəddir: Regional Liqanın çempionu olmaq və İkinci Liqaya yüksəlmək. Hələlik inamla irəliləyirik - 13 oyunda 13 qələbə.

- “Sumqayıt”da ikinci fəaliyyətinizə qısqanclıqla yanaşmırlar?

- Xeyr, əksinə, rəhbərlik dəstək göstərir. “Zəngəzur”un oyunlarında iştirak etməyim üçün şərait yaradırlar. Əsas odur ki, bu, akademiyadakı məşqlərə mane olmasın.

- Gələcək planınız nədir? İkinci Liqaya yüksəldikdən sonra missiya bitəcək, yoxsa 50 yaşa qədər oynamağı düşünürsünüz?

- Özümə yaş məhdudiyyəti qoymuram. Gücüm və istəyim olduqca meydanda olacağam. “Zəngəzur” yüksəldikdən sonra da komandaya lazım olsam, çıxışımı davam etdirəcəyəm.

İdman.Biz