Veteranların da iştirak etdiyi Qarabağ derbisində hokkey hesabı – İDMAN.BİZ-in REPORTAJI

9 Fevral 2026 18:01
121
Veteranların da iştirak etdiyi Qarabağ derbisində hokkey hesabı – İDMAN.BİZ-in REPORTAJI

Bu gün paytaxtda keçirilən “Xankəndi” - “Zəngəzur” futbol klubları arasındakı yoldaşlıq oyunu ölkə futbolu tarixində rəmzi xarakter daşıyacaq bir qarşılaşma kimi yadda qaldı.

İdman.Biz xəbər verir ki, rəqiblər bu oyuna fərqli vəziyyətdə çıxmışdılar. Zaur Həşimovun rəhbərlik etdiyi “Xankəndi” artıq müəyyən status qazanaraq II Liqanın liderlərindən biri sayılır.

“Zəngəzur” isə hələ çox gənc layihədir: klub cəmi beş ay əvvəl yaradılıb, lakin artıq Regional Liqada öz sözünü deməyi bacarıb.

Görüşün keçirilməsi təşəbbüsü məhz “Zəngəzur” rəhbərliyindən gəlib. Maraqlıdır ki, klubun prezidenti Şahin Məmmədov eyni zamanda baş məşqçi funksiyasını da yerinə yetirir. II Liqada çıxış edən daha statuslu rəqibin məşq qrafikini pozmamaq üçün matç saat 11:00-a təyin olunub.

Simvolik məna ilə yanaşı, qarşılaşma iştirakçı heyətləri ilə də diqqət çəkib. Təcrübəli azarkeşlər meydanda tanınmış futbolçuları görmək imkanı əldə ediblər. “Zəngəzur”un heyətində Azərbaycan millisinin sabiq üzvləri Cavid İmamverdiyev və Ruslan Poladov meydana çıxıblar. Qeyd edək ki, 47 yaşlı Poladov hazırda ölkə futbolunda çıxış edən ən yaşlı oyunçudur.

“Xankəndi”nin də öz liderləri var idi. Komandanın kapitanı Əziz Hüseynov və “Kəpəz”in keçmiş futbolçusu Elvin Nəsibov oyunda fərqləniblər. Nəsibov qarşılaşmadan əvvəl iki qol vuracağını demişdi, lakin sonda bu plan “artıqlaması ilə” yerinə yetirib.

İsmət Qayıbov adına stadionun ehtiyat meydançasında keçirilən oyun son dərəcə baxımlı və məhsuldar alınıb. Vurulan qolların bəzilərinin icrası gözəllik baxımından aparıcı Avropa çempionatlarının ən yaxşı epizodlarından geri qalmayıb. Fasiləyə qədər hesab 2:2 olub. Xüsusilə “Zəngəzur”un hücumçusu Elgün Abbaslının birbaşa künc zərbəsindən vurduğu qol nadir rast gəlinən epizod kimi yadda qalıb. O, ikinci hissədə dublunu rəsmiləşdirsə də, bu, “Zəngəzur”un məğlubiyyətdən xilas etməyə yetməyib və komanda futbolda son dərəcə nadir rast gəlinən 4:7 hesabı ilə məğlub oldu. “Xankəndi”nin heyətində Elvin Nəsibov het-trikə imza atdı.

Təəssüf doğuran məqam isə belə maraqlı və yüksəkhesablı oyunun demək olar ki, tamaşaçısız və media diqqətindən kənarda keçməsidir. Bu sətirlərin müəllifindən başqa, qarşılaşmada başqa jurnalist olmayıb.

İdman.Biz