Jorj Kaşkilya: “Oyun gözlədiyimizdən də çətin alındı”

Jorj Kaşkilya: “Oyun gözlədiyimizdən də çətin alındı”

“Oyun gözlədiyimizdən də çətin alındı. Çünki hər iki komanda bu qarşılaşmanın nə qədər vacib olduğunu yaxşı başa düşürdü. Oyuna planımıza uyğun başladıq, erkən qol vurub oyunun tempini bir qədər aşağı salmaq istəyirdik. Lakin rəqib bunun qarşısını yaxşı aldı. Xırda foullarla oyunun ritmini pozdular və bu səbəbdən birinci hissədə hesabı aça bilmədik”.

İdman.Biz bildirir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya “Kəpəz”lə oyundan sonra deyib.

Oyun 0:0 hesabı ilə başa çatıb.

“Mübarizə əsasən orta sahədə getdiyi üçün ilk hissədə təhlükəli epizodlar çox olmadı. Yalnız Almeydanın bir real qol imkanı var idi, təəssüf ki, bundan yararlana bilmədi. Ümumilikdə, birinci hissə tarazlı mübarizə şəraitində keçdi.

İkinci hissədə oyun daha da çətinləşdi. Çünki fasilədən sonra meydançanın vəziyyəti daha da pisləşmişdi. Buna baxmayaraq, komandamız qol vurmaq və hücum etmək üçün çalışırdı, amma eyni zamanda riskləri minimumda saxlamağa üstünlük verirdi. Hər iki komanda anlayırdı ki, bu mərhələdə xal itkisi çox böyük əhəmiyyət daşıyır.

Hazırda “Kəpəz”lə aramızda 6 xallıq fərq var və bu oyunda həmin üstünlüyü qoruyub saxlaya bildik. Məhz buna görə də komandamız həddindən artıq riskə getmirdi. Bununla yanaşı, fərqi daha da artırmaq istəyi də var idi. Təbii ki, “Kəpəz” də buna imkan verməmək üçün sona qədər mübarizə apardı.

Oyun boyu tez-tez xırda foullar baş verdi və bu da ritmin düşməsinə səbəb oldu. Nəticə etibarilə, xal fərqinin qorunub saxlanılması baxımından bu oyunun nəticəsini qənaətbəxş hesab etmək olar”, - Kaşkilya bildirib.

İdman.Biz