"Çelsi"nin və İspaniya millisinin müdafiəçisi Mark Kukurelya "Vest Hem"lə oyunda Adama Traore ilə yaşadığı və sosial şəbəkələrdə geniş müzakirə olunan insidentə aydınlıq gətirib. Həmin epizodda "La Masia"nın hər iki yetirməsi arasında fiziki gərginlik yaşanmış, Traore rəqibini sözün əsl mənasında kənara tullamışdı.
İdman.Biz "FanZone" proqramına istinadla xəbər verir ki, Kukurelya həmin anı xatırlayarkən bir az gərginlik yaratmaq istədiyini söyləyib.
Hər iki futbolçunun kataloniyalı və "Barselona"nın yetirməsi olduğunu xatırladan aparıcı Jerar Romeronun, "bu məsələ həll olunmalıdır" fikrinə Kukurelya zarafatyana, lakin sərt cavab verib:
"Xeyr, bunlar futboldur. Şəxsi problemim yoxdur, amma bu hadisədən sonra onu küçədə görsəm, salam verib-verməməkdə tərəddüd edərəm".
Proqrama canlı qoşulan Adama Traore isə baş verənlərin oyunun hərarətindən qaynaqlandığını bildirib:
"Kukurelya çox yaxşı insandır. Hər şey meydanda qaldı, bu, sadəcə anlıq qəzəb idi. Əslində bunu etmək niyyətim yox idi".
