Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”ın oyununu canlı izləyəcək

28 Yanvar 2026 14:48
112
Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”ın oyununu canlı izləyəcək

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld UEFA Çempionlar Liqasının liqa mərhələsinin sonuncu - səkkizinci turunda keçiriləcək “Liverpul” - “Qarabağ” oyununu stadiondan canlı izləyəcək.

İngiltərədə təşkil olunacaq möhtəşəm matçı izləyəcəyinə görə həyəcanlı olduğunu bildirən F. Auld qeyd edib ki, “Qarabağ” möhtəşəm mövsüm keçirib və həm evdə, həm də səfərdə Avropanın yüksək səviyyəli rəqiblərini məğlub etməyi bacarıb.

Səfir xüsusilə Danimarkanın “Kopenhagen” komandası ilə oyunu xatırlayıb.

“Matç boyu “Qarabağ”ın futbolçuları həqiqətən üstün olmağı bacardılar. Son bir neçə mövsümdə onların qol vurmaqla bağlı problemləri vardı, amma indi vacib məqamlarda həlledici qollar vururlar. Bunun üçün sadəcə “Ayntraxt” ilə matça baxmaq kifayətdir”, - deyə səfir AZƏRTAC-a deyib.

F. Auld Azərbaycan çempionundan uğurlu nəticə gözlədiyini də vurğulayıb:

“Çelsi” Bakıya səfər edəndə bir çoxları “Qarabağ”ın şansının olmadığı deyirdi. Mən isə belə düşünmürdüm. 2:2 hesabı maraqlı keçən bir oyunda ədalətli nəticə oldu. İndi isə bu ssenarini Avropa futbolunun ən böyük stadionlarından biri olan ‘Enfild’də gözləyirəm. Rəqib dünyanın ən rəqabətli liqasının son qalibi “Liverpul”dur. Amma “Liverpul” bu mövsüm qeyri-sabit oyun sərgiləyir. “Qarabağ” isə tarixinin ən böyük nailiyyətinin astanasındadır. Çox xoşbəxtəm ki, oyunda şəxsən iştirak edəcəyəm”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında “Liverpul” - “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 23:59-da keçiriləcək.

İdman.Biz