Yaxın günlərdə futbol üzrə Azərbaycan Birinci Liqasında çempionluq və Misli Premyer Liqasına vəsiqə uğrunda mübarizə yenidən qızışacaq.
Mövsümün ilk yarısının yekunlarına əsasən turnir cədvəlinin lideri ötən mövsüm İkinci Liqada çıxış etmiş “Şəfa” komandasıdır. Hazırda kollektivin aktivində doqquz qələbə, üç heç-heçə və sıfır məğlubiyyət var.
Komandanın həm uğurlarında, həm də mümkün çətinliklərində əsas rol baş məşqçiyə məxsusdur. “Şəfa”nın sükanı arxasında gənc mütəxəssis Elgiz Kərəmli dayanır. O, futbola 10 yaşında “Şəfa” klubunda başlayıb, 13 yaşında isə “Qarabağ”ın akademiyasına keçib. 2010–2012-ci illərdə əsas komandanın heyətində çıxış edən Kərəmli daha sonra “Neftçi”, “Kəpəz”, “Araz-Naxçıvan” və “Qaradağ Lökbatan” klublarının formasını geyinib.
“Zədə səbəbindən futbolçu karyeram istədiyim kimi alınmadı və 26 yaşımda peşəkar çıxışlarımı başa vurmalı oldum”, – Elgiz Kərəmli İdman.Biz-ə müsahibəsində bildirib.
Futboldan tam ayrılmaq istəməyən mütəxəssis məşqçilik yolunu seçib. O, məşqçi fəaliyyətinə “Neftçi”nin akademiyasında başlayıb, daha sonra Azərbaycan milli komandasının U-16 yığmasının baş məşqçisi Aqil Nəbiyevin köməkçisi kimi çalışıb. 2023/2024 mövsümündə “Difai” klubundan təklif alan Kərəmli ilk dəfə baş məşqçi postuna təyin olunub. 2025-ci ilin yanvarından isə “Şəfa” komandasına rəhbərlik edir.

Birinci Liqada sabitliyin sirri
Elgiz Kərəmli bildirib ki, “Şəfa”ya gəldiyi vaxt qarşıya qoyulan əsas məqsəd komandanı İkinci Liqadan Birinci Liqaya çıxarmaq olub – ya çempionluq, ya da Birinci Liqa təmsilçisi ilə pley-off oyunu vasitəsilə.
“Mən dəvət olunduğum zaman komanda turnir cədvəlində ikinci yerdə idi və liderdən beş xal geri qalırdı. Fərqi bir xala qədər azaltmağa nail olduq. Lakin çempionluq üçün həlledici oyunda rəqibi məğlub etmək lazım idi və həmin qarşılaşma heç-heçə ilə nəticələndi. Keçid oyunu keçirilmədiyinə görə AFFA-nın qərarı ilə Birinci Liqaya vəsiqə qazandıq”, – deyə baş məşqçi qeyd edib.
Kərəmli cari mövsümdə komandanın çıxışını da dəyərləndirib:
“Hazırda mövsüm bizim üçün uğurlu keçir. Bu, ciddi və peşəkar yanaşmanın nəticəsidir. Sabitliyi qorumağa çalışırıq. Heyətdə özünü göstərmək istəyən gənc futbolçularla yanaşı, müəyyən səviyyədə özünü təsdiqləmiş oyunçular da var. Hamısı ümumi məqsəd naminə tam fədakarlıqla çalışır”.
“Şəfa”nın əsas rəqibləri kimi “Sportinq”, “Səbail” və “Mingəçevir” komandalarını göstərən Kərəmli digər qarşılaşmaların da asan keçmədiyini vurğulayıb. Onun fikrincə, sabitlik qorunarsa, komanda Premyer Liqaya yüksəlmək gücündədir.

Birinci Liqa və mümkün yüksəliş
“Şəfa”nın baş məşqçisi Birinci Liqanın səviyyəsinin ildən-ilə artdığını bildirib:
“Bu, klubların maliyyə imkanlarının yaxşılaşması və Premyer Liqa təcrübəsi olan futbolçuların Birinci Liqanı seçməsi ilə bağlıdır. Əgər maliyyə imkanları artmaqda davam etsə, düşünürəm ki, yarışın səviyyəsi daha da yüksələcək”.
Kərəmli Birinci Liqada kifayət qədər keyfiyyətli futbolçuların olduğunu da qeyd edib: “Bizim komandada hazırda milli komandada çıxış edə biləcək 3–4 futbolçu var”.
Misli Premyer Liqasına mümkün keçidlə bağlı danışan mütəxəssis komandanın tez adaptasiya olacağına inandığını bildirib:
“Şübhəsiz ki, hər liqanın öz çətinlikləri var və biz işi bu amilləri nəzərə alaraq quracağıq. Futbolçularıma inanıram və düşünürəm ki, uyğunlaşma prosesi sürətli olacaq. Eyni zamanda heyəti gücləndirməyə də çalışacağıq”.
Sonda Elgiz Kərəmli məşqçilik fəlsəfəsindən danışıb. Onun sözlərinə görə, komandanın oyun üslubu futbolçuların keyfiyyət və imkanlarına uyğun müəyyənləşdirilir:
“İşimdə əsas prinsiplərdən biri futbolçularla səmimi və etibarlı münasibətlər qurmaq, komanda daxilində sağlam atmosfer yaratmaqdır”.
“Şəfa”nın hazırkı liderliyinin məşqçi karyerasında ən uğurlu məqam olub-olmaması ilə bağlı suala isə Kərəmli belə cavab verib:
“Bu, baş məşqçi kimi çalışdığım ikinci klubdur. Mən gənc mütəxəssisəm və bu mərhələdə karyeram haqqında danışmaq tezdir. Qarşıda hələ çox işləməli və öyrənməliyəm”.
